Bunu “Report”a nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nı şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın geostrateji yerləşmə mövqeyi Şərq-Qərb həm də Şimal-Cənub nəqliyyat dəhlizi üzrə dəmir yolu infrastrukturunun modernləşdirilməsi işinin davamlılığını tələb edir.
“Yeni reallıq buna kimi görülən işlərlə yanaşı yeni infrastruktur layihələrin icrasını labüd edir. Bu mənada Ələt-Osmanlı-Astara dəmir yolu magistralının modernləşdirilməsi, bəzi sahələrdə isə dəniz sahili boyunca çəkilməsi artan yük tələbini qarşılayacaq. Həmin marşrut üzrə həm yükdaşımanın sürətini, həm də yük axınını artıracaq. Bu, Azərbaycan üzərindən keçən dəhlizlərlə ölkəmizin manevr imkanlarını artıracaq və Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində artan yük tələbinə uyğun şaxələnmiş nəqliyyat infrastrukturunun təklif olunmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində riskləri azaldaraq, yük dövriyyəsinin artımını stimullaşdıracaq. Bütövlükdə dəmir yolu, avtomobil yolu şəbəkəsinin dövrün tələblərinə uyğun şəkildə təşkil olunması Azərbaycan ərazisindən yüklərin daha sürətli, təhlükəsiz çatdırılmasına və ölkəmizin üzərindən keçən marşrutların daha cəlbedici olması ilə nəticələnəcək”,- deyə R. Ağamirzəyev qeyd edib.
Ekspert diqqətə çatdırıb ki, regionda cərəyan edən son geosiyasi gərginliyin nəticəsi olaraq ənənəvi yolların bağlanması alternativ dəhlizləri gündəmə gətirməklə, onların əhəmiyyətini müstəsna şəkildə artırmış oldu: “Belə olan təqdirdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) artan yük tələbi bəzi infrastruktur yeniliklərini də nəzərdə tutur. Bunlardan Ələt qəsəbəsindəki Bakı limanın ikinci fazası çərçivəsində tikintisidir. Qarşıdakı iki ildə əlavə dəmir yolu xətləri çəkiləcək, konteynerləşmiş yüklərin artmasını nəzərə alaraq bugünkü 100 min TEU-dan 500 min TEU-ya qədər konteynerin qəbulu üçün şəraitin yaradılması, həmçinin təkərli texnikanın artma dinamikasına uyğun olaraq bu növ nəqliyyatın saxlanma (parkinq) yerlərinin inşası nəzərdə tutulur. Son illərdə Xəzərdə suyun çəkilməsi ilə əlaqədar olaraq həm Bakı limanı, həm də Hövsan limanın akvatoriyasında, eyni zamanda Dübəndi terminalına gələn liman akvatoriyası kanalında dib dərinləşdirmə işləri də görüləcəkdir. Bu, Azərbaycanın bu günə qədər gördüyü işlərlə yanaşı gələcəkdə artan yük tələbini qarşılamağa imkan verəcək”.
Liman infrastrukturuna yatırımların səmərəliliyindən danışarkən R.Ağamirzəyev Bakı limanda hətta pandemiya dövründə belə yük daşımada 20 %-lik artımın təmin olunduğunu diqqətə çatdırıb: “Son illər Bakı limanının yük dövriyyəsində artan dinamika müşahidə edilməkdədir. Bu ilin 10 ayı ərzində isə Bakı Limanında 5,4 milyon ton yük aşırılıb ki, bu da bir il əvvəlki göstəricidən 14 % çoxdur. Bakı limanı vasitəsilə 2023-cü ilin sonuna qədər 6 milyon ton yükün daşınması proqnozlaşdırılır. Bu, əvəllki ilə nisbətən 10 %-lik artım deməkdir. Eyni zamanda son on ildə istifadəyə verilmiş gəmiqayırma zavodu dəniz donanmamızın üstün mövqeyini daha da möhkəmləndirmiş oldu. Bu, bir tərəfdən bizim xaricdən asılılığımızı azaldır, valyutanın ölkədə qalmasını təmin edir, digər tərəfdən isə qonşu ölkələrə təklif irəli sürməyimizə imkan yaradır”.
Ekspert hesab edir ki, qonşu Gürcüstanda xüsusən Şərq-Qərb dəhlizi üzrə avtomobil, dəmir yolunun ən mürəkkəb hissəsi olan Rekoti aşırımındakı hissənin gələn il tam istifadəyə verilməsi Bakı limanından Gürcüstanın Poti limanı istiqamətində yüklərin daha sürətli çatdırılmasına gətirib çıxaracaq: “Həmçinin Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi üzrə Gürcüstan ərazisində işlərin bu ilin sonuna bitirilməsi nəzərdə tutulub. Bu, indiki yük ötürmə həcmlərini 5 milyon tona qədər artırmağa imkan verəcək”.