Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri xalqın iradəsini və mövqeyini aydın şəkildə ortaya qoydu. Gürcü xalqının məhz “Gürcü Arzusu” partiyasına səs verərək onu yenidən hakimiyyətə gətirməsi, onların milli-mənəvi dəyərlərə bağlılığını və bu dəyərləri qoruma əzmini bir daha nümayiş etdirdi. Həmin seçki nəticələri, eyni zamanda, bəzi Qərb dairələrinin ölkədə siyasi sabitliyi pozmaq cəhdlərinin qarşısını almış oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli söyləyib.
Seçkilərdə Gürcüstanda kompakt şəkildə yaşayan azərbaycanlı icmasının roluna diqqət çəkən ekspert əlavə edib: “Gürcüstanda 300 minə yaxın azərbaycanlı yaşayır və bu ərazilərdə yüksək seçki fəallığı müşahidə olunurdu. Azərbaycanlı seçicilər ümumi səslərin formalaşmasında təxminən 7-8 faizlik paya malik olaraq Gürcüstanın gələcək siyasi mənzərəsinə təsir göstərdilər. Bu, gələcəkdə Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradan amillərdəndir”.
Nədimə Rəhimlinin sözlərinə görə, Azərbaycan və Gürcüstan regionda bir-birinə qonşu ölkələr olaraq əməkdaşlıq və mehriban qonşuluq prinsiplərinə söykənən əlaqə modelini ortaya qoyur. Bu münasibətlər qarşılıqlı hörmət və daxili işlərə müdaxilə etməmə prinsipi əsasında qurulub və bu model regiondakı digər xalqlar üçün də müsbət nümunə ola bilər.
“Biz, qeyri-hökumət təşkilatlarının nümayəndələri və vətəndaş cəmiyyəti institutları olaraq inanırıq ki, yeni formalaşacaq hakimiyyət Gürcüstanda yaşayan azərbaycanlı icmasının problemlərinə daha həssas yanaşacaq. Gürcüstanda yaşayan soydaşlarımızın qarşılaşdığı sosial və iqtisadi problemlərin həllinə daha çox diqqət göstərilməsi, iki ölkə arasındakı dostluq əlaqələrinin möhkəmlənməsinə, regionda siyasi birliyin və sabitliyin davam etməsinə töhfə verəcək”, – deyə N.Rəhimli əlavə edib.