Ölkəmizdə vətəndaşların məmnunluğuna təsir göstərən islahatlardan biri də “ASAN xidmət”in yaradılmasıdır. Hesab edirəm ki, bu islahat müasir Azərbaycanın bütövlükdə inkişaf fəlsəfəsini özündə əks etdirir. “ASAN xidmət”in digər layihələri kimi “ZİRVƏ – Zəfər idarəçisinin rəhbərlik vizyonu və ənənələri” layihəsinin də uğurlu olacağına inanıram.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov “ZİRVƏ – Zəfər idarəçisinin rəhbərlik vizyonu və ənənələri” layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.
Milli Məclis sədrinin birinci müavini Ulu Öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin inkişafı üçün gördüyü işlərdən, həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlardan danışıb və bunun nəticəsində ölkəmizin bu gün dünya dövlətləri arasında sayılıb-seçildiyini vurğulayıb.
“Azərbaycan bu gün beynəlxalq proseslərdə iştirak etmək və dünyanın inkişafına töhfə vermək imkanlarına malik dövlətə çevrilib. Bunun kökündə Ümummilli Lider Heydər Əliyev, onun qoyub getdiyi zəngin irs və siyasət dayanır. Təbii ki, həmin siyasəti yeni reallıqlar şəraitində daha uğurla və daha böyük nailiyyətlərlə həyata keçirən məhz Prezident İlham Əliyevdir”, – deyə Ə.Əhmədov bildirib.