“Məni bəzi “dostlarım” və jurnalistlər o qədər ölkəyə səfir göndəriblər ki, artıq bu xəbərlərə öyrəşmişəm. Harada yeni bir yer açılır və ölkə ilə əlaqə qurulursa, o dəqiqə deyirlər ki, Elmar Məmmədyarov ora səfir göndəriləcək”.
Bu sözləri Teleqraf-a Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov onun Ermənistana səfir göndərilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Sabiq nazir Ermənistanla hələ sülh sazişinin imzalanmadığını bildirib: “Yekun sülh sazişi imzalandıqdan sonra belə Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələri qurmaq üçün ən azı bir-iki il vaxt lazım olacaq. Bu, adi qaydada həll olunan məsələ deyil. Bunun üçün beynəlxalq qaydalar var. Beynəlxalq protokollara uyğun olaraq əlaqələr qurulduqdan sonra ölkələr bir-birinin ərazisində qarşılıqlı razılıq əsasında səfirlik aça bilir”.
Elmar Məmmədyarov Ermənistanda səfir olmaq məsələsinə ümumi məsləhətə uyğun adekvat addım atacağını söyləyib: “Necə məsləhətdirsə, elə də olacaq”.