Ərəb Dövlətləri Liqası (LAS) İsrail ordusunun Qəzza zolağında və İordan çayının qərb sahilində törətdiyi hərbi cinayətlərə dair sübutları sənədləşdirmək niyyətindədir. Bu barədə Ərəb Liqası Şurasının Ər-Riyadda xarici işlər nazirləri səviyyəsində keçirilən iclasının yekunları üzrə qəbul edilmiş bəyanatda deyilir.
“Ərəb Dövlətləri Liqasının Baş Katibliyinə İsrailin Qəzza zolağında və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı törətdiyi çoxsaylı hərbi cinayətlərə sübut kimi xidmət edəcək bütün məlumat və sənədləri toplamaq və müvafiq qurumlara ötürmək tapşırılsın”, – bəyanatda deyilir.
Ərəb Liqası Fələstin administrasiyasının Qəzza zolağına nəzarəti istisna edən Fələstinlə bağlı istənilən beynəlxalq razılaşmanı rədd edir. “Biz Qəzza zolağında müharibə başa çatdıqdan sonra Fələstin Muxtariyyəti tərəfindən zolağa nəzarəti və idarə olunmasını istisna edən hər hansı beynəlxalq təhlükəsizlik sazişlərini, eləcə də hərbi və ya siyasi tədbirləri rədd edirik”, – deyə ərəb xarici işlər nazirləri bildiriblər. (Tass)