Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsraillə münaqişənin həllində Fələstinə qarant ölkə kimi çıxış etməyə hazırdır. Parlamentdə çıxış edən Türkiyə lideri böhranın həlli üçün sülh konfransının çağırılmasını da təklif edib.
“Biz münaqişənin həllində Fələstinin qarant ölkəsi kimi çıxış etməyə hazırıq. Həmçinin, İsrail və Fələstin arasında nizamlanmaya dair bütün nüfuzlu aktorların iştirakı ilə beynəlxalq sülh konfransının çağırılmasını təklif edirik”, – Ərdoğan bildirib.
“Türkiyə davamlı sülhə yol açmaq məsuliyyətindən heç vaxt imtina etməyəcək. Biz təklif etdiyimiz qarant ölkələr institutunu problemin ən azı qısa və orta müddətli real həlli üçün ən təsirli üsul hesab edirik. Biz xoşməramlı ölkələri bu təklifi tez bir zamanda dəyərləndirməyə, konkret addımlar atmağa və sülh qapılarını açmağa çağırırıq”, – deyə Türkiyə lideri bildirib.
Onun sözlərinə görə, Türkiyə ədalətli dünyanın itirənlərinin olmayacağına səmimi şəkildə inanan bir ölkə olaraq, keçirilən oxşar görüşlərin uğursuzluğundan alınan dərsləri nəzərə alaraq, Fələstin-İsrail nizamlanmasına dair sülh konfransı təşkil etməyə çağırır. (Tass)