Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda Azərbaycan və Ermənistan arasında birgə bəyannamənin imzalanmasını Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi istiqamətində tarixi addım adlandırıb. O, bunu Ankarada sədrlik etdiyi Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib. Veriliş TRT Haber telekanalı tərəfindən yayımlanıb.
“Avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması istiqamətində tarixi addım idi. Bütün bunlardan məmnun olduğumu qardaşım [Azərbaycan Prezidenti] İlham Əliyevə bildirdim. Türkiyənin hər zaman Azərbaycanın tərəfində olacağını vurğuladım”, – Ərdoğan bildirib.
Onun sözlərinə görə, bazar ertəsi o, Ermənistanın baş naziri Nikol Paşinyanla Vaşinqton razılaşmalarını müzakirə edib. “Sülh mühitinin yaradılması, avtomobil yollarının və dəmir yollarının bərpası, sərhəd-keçid məntəqələrinin açılması və yüklərin sərbəst hərəkətinin təmin edilməsi regionumuzun bütün ölkələrinin maraqlarına cavab verəcək”, – Türkiyə lideri qeyd edib.