Ermənistanın Avrointeqrasiya istiqamətində hərəkətləri onun tərəfdaşlarına, o cümlədən Rusiyaya qarşı yönəlməyib. Bunu respublikanın xarici işlər nazirinin müavini Vahan Kostanyan hökumətin iclasının yekunlarına dair brifinqdə deyib.
“Ermənistan Respublikasının hərəkətləri heç bir tərəfdaşa qarşı yönəlməyib. Biz bütün tərəfdaşlarla, o cümlədən Rusiya Federasiyası ilə dialoq qurmuşuq və davam etdiririk”, – diplomat bildirib.
Kostanyan qeyd edib ki, yanvarda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvada işgüzar səfərdə olub və orada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. “Moskvada kifayət qədər konstruktiv danışıqlar aparılıb”, – Ermənistan xarici işlər nazirinin müavini vurğulayıb.
Fevralın 12-də Ermənistan parlamenti ölkənin Aİ-yə qəbulu prosesinin başlanması ilə bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.