Mövzu ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva söyləyib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması üçün atmalı olduğu addımlar var. Bunun üçün, ilk növbədə, Ermənistanın Konstitusiyasında və müstəqillik Bəyannaməsində dəyişiklik edilməlidir. Hər iki sənədin müddəalarında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb və bunlar dəyişdirilməlidir.
Ermənistanın atmalı olduğu addımlar barədə danışan politoloq qeyd edib: “Ermənistan dövləti 1921-ci il Qars müqaviləsinin müddəalarını tanıdığını rəsmi olaraq bəyan etməlidir. Xatırladım ki, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına dair saziş – Sürix protokolları ilə münasibətlərin normallaşdırılması cəhdi zamanı belə Ermənistan Qars müqaviləsinin tanınması məsələsini qəbul etməmişdi. Belə ki, hər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair sazişin hazırlanması prosesində Ermənistan Xarici İşlər Nazirliyinin ozamankı rəhbəri Edvard Nalbandyan “İrəvanla Ankara arasında diplomatik münasibətlərin qurulmasına dair Protokolun imzalanması hələ Ermənistan tərəfindən Qars müqaviləsinin tanınması olmadığını” bəyan etmişdi. Qars müqaviləsinin şərtlərinin Ermənistan tərəfindən tanınmaması isə o deməkdir ki, rəsmi İrəvan hələ də Türkiyə ilə müasir sərhədi tanımır və Ankaraya qarşı ərazi iddialarından əl çəkmir”.
Y.Hacıyevanın sözlərinə görə, Ermənistanın Konstitusiyasından və müstəqillik Bəyannaməsindən əlavə, dünyada erməniliyin ideoloji nüvəsi kimi fəaliyyət göstərən və bir çox ölkələrə qarşı ərazi, maddi və mənəvi iddiaları özündə əks etdirən “Ümumerməni bəyannaməsi” də dəyişməlidir. Bəyannamə daha çox saxta erməni soyqırımı qurbanlarının hüquqlarının və qanuni maraqlarının bərpasını tələb edən sənəd kimi təqdim olunur. Lakin sənəddə onun təkcə saxta soyqırımı deyil, həm də saxta erməni tarixinin bərpası kimi absurd çağırışla bağlı bəndlər də mövcuddur.
Əsasən ideoloji konsepsiya kimi nəzərdə tutulsa da, bu bəyannaməyə Ermənistan dövlətinin müxtəlif rəsmi sənədlərində istinadlar da mövcuddur.