Ermənistan hökuməti sərhədlərin delimitasiyası üzrə Azərbaycanla birgə komissiyanın müddəalarının ratifikasiyası haqqında qanun layihəsini parlamentə göndərib. Bu barədə TASS-a parlament sədrinin mətbuat katibi Movses Arutyunyan məlumat verib.
“İlk növbədə, qanun layihəsi parlamentin xarici əlaqələr daimi komissiyasının iclasında baxılacaq, oradan müsbət rəy alınarsa, ratifikasiya üçün [tam] parlamentə təqdim olunacaq”, – deyə o bildirib.
Sentyabrın 2-də Ermənistan hökuməti Azərbaycanla sərhədlərin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında müddəaların ratifikasiya layihəsini dərc edib. Qanun layihəsinə əsasən, Ermənistan və Azərbaycan komissiyaları delimitasiya zamanı bütün xəritələrdən, o cümlədən hüquqi əsası olan sənədlərdən istifadə edəcək. Əsasnamə erməni, azərbaycan və rus dillərində tərtib olunub və Azərbaycan tərəfindən də ratifikasiya edilməlidir. (Tass)