Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen Davosda İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
“Həmsöhbətlər Ermənistan-Amerika ikitərəfli münasibətləri və onların gələcək inkişafı məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı fikir mübadiləsi aparıblar”, – məlumatda qeyd olunur.
Yanvarın 13-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan və Bakının “müxtəlif diplomatik dillərdə danışdığını” deyib və həmçinin Azərbaycan lideri İlham Əliyevin bəzi bəyanatlarını sülh prosesinə zərbə adlandırıb. Paşinyan, xüsusilə, Bakının İrəvanın Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya üçün “Zəngəzur dəhlizi”ni açmaq öhdəliyi götürməsi barədə bəyanatlarını rədd edib. (Tass)