Ermənistan Türkiyə ilə sərhəddə Marqara keçid məntəqəsinin tikintisini başa çatdırıb və sərhədi açmağa hazırdır. Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan brifinqdə bildirib.
“Biz respublikanın baş naziri ilə bu sərhəd-keçid məntəqəsində olduq. Tikinti işləri başa çatıb və buraxılış məntəqəsi açılmağa hazırdır. Sərhədin açılması məsələsi siyasidir və təkcə Ermənistanın mövqeyindən asılı deyil”, – o qeyd edib.
Türkiyə ilə Ermənistan arasında ortaq sərhəd olmasına baxmayaraq diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirliklərinin rəhbərləri diplomatik münasibətlərin qurulması və münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, onlar tərəflər tərəfindən ratifikasiya olunmayıb. 2018-ci il martın 1-də İrəvan protokolların ləğv olunduğunu elan edib. 2021-ci ildə Türkiyə və Ermənistan nizamlanma məsələləri üzrə xüsusi nümayəndələr təyin ediblər. (Tass)