Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda rəsmi səfərdə olan Yunanıstanın milli müdafiə naziri Nikos Dendiası qəbul edib və onunla ikitərəfli müdafiə gündəliyini müzakirə edib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Əlbəttə, ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq yeni bir şey deyil. Düşünürəm ki, bizim burada kifayət qədər böyük təcrübəmiz var. Amma indiki şəraitlə əlaqədar olaraq, müdafiə sahəsində əməkdaşlığa maraq getdikcə artır. Bunun üçün lazımi siyasi iradənin olması çox vacibdir”, – Paşinyan bildirib.
Öz növbəsində Yunanıstanın müdafiə naziri ölkələr arasında tarixi əlaqələri nəzərə alaraq Ermənistana yardım göstərməyə hazır olduğunu bildirib. Həmsöhbətlər əvvəllər əldə edilmiş razılaşmaların daha da həyata keçirilməsi üçün atılan addımları təsdiqləyib, hərbi təhsil və digər sahələrdə əməkdaşlığa toxunublar.
Nazirlər Kabinetinin məlumatında deyilir ki, Cənubi Qafqazda baş verən proseslər, regional sülh və sabitliyin təmin edilməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb. (Tass)