Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının elmi işçisi Xəyalə Əlibəyli dimdikvari evkalipt (Eucalyptus camaldulensis) növü üzərində tədqiqat aparıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dimdikvari evkalipt növünün yarpaqları toplanaraq laboratoriyada standart metodla qurudulub. Sonra həmin yarpaqlardan hidrodistillə metodu ilə (Qinzberq) efir yağı alınıb. Alınan efir yağının komponent tərkibi ”Kristal” 2000 M markalı qaz-maye xromatoqrafiya üsulu ilə təyin edilib. Analizin nəticəsinə əsasən növün efir yağının tərkibində a-pinen, 1,8-sineol, terpinen, evkaliptol (1,8-sineol) maddələrinin olduğu müəyyən edilib. Tərkibində 1,8-sineol olması səbəbindən bu efir yağı güclü antibakterial xüsusiyyətə malikdir.
Tədqiqatın əsas məqsədi dimdikvari evkalipt növündən alınan efir yağının kimyəvi tərkibi və istifadə imkanlarının öyrənilməsidir.
Tropik və subtropik iqlim zonalarında yayılan evkaliptin vətəni Avstraliya hesab olunur. Azərbaycanda Qafqaz və Cənubi Qafqazın qərbində, Zaqatala, Lənkəran, Astara və digər subtropik zonalarda, eləcə də Bakıda yaşıllaşdırmada geniş istifadə edilir.
Evkalipt bitkisinin yarpaqları zəngin kimyəvi tərkibə malikdir. Tərkibində 3 faizə qədər efir yağı, flavonoidlər, aşı maddələri, üzvi turşular və digər maddələr aşkar edilib. Evkalipt efir yağının çox qiymətli xüsusiyyətlərinə görə son zamanlar onun dünyada şöhrəti daha da artıb. “Eucalyptus camaldulensis” növü efir yağlı bitkilər arasında xüsusi yer tutur. Qədim zamanlardan bəri dünyanın hər yerində bu bitkinin yarpağı dərman vasitəsi kimi istifadə olunur. Evkalipt bitkisindən alınan efir yağı antiseptik, antibakterial, virus əleyhinə, sətəlcəm əleyhinə, ağrıkəsici, istilik salan xassələrə malik olduğundan tibdə ondan geniş istifadə edilir. Ürək-damar çatışmazlığı, zob xəstəliyi zamanı da evkalipt yağı müalicəvi dərman kimi tətbiq olunur. Evkalipt efir yağı bronxit, öskürək, revmatizm, artirit, nevralgiya xəstəliklərinin müalicələrində geniş istifadə edilir.
Evkalipt efir yağı ətriyyat-kosmetika sənayesində, aromaterapiyada, tibdə, əczaçılıqda, məişət kimyasında geniş istifadə edilir. Bu bitki Abşeronun quru subtropik iqlim şəraitinə də uyğunlaşdırılıb. Evkalipt həmişəyaşıl bitki olduğu üçün park və bağların yaşıllaşdırılmasında, yarpaqlarından alınan efir yağının sənayenin müxtəlif sahələrində geniş istifadəsi məqsədəuyğundur.