İsrail ordusu 100 gündən çox davam edən döyüşlər zamanı Qəzza zolağında binaların 70%-dən çoxunu dağıdıb. Bunu Fələstin Xarici İşlər Nazirliyinin rəhbəri Riyad əl-Maliki Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının yanvarın 19-20-də Kampalada keçirilən 19-cu görüşündə çıxışı zamanı deyib.
“İsrail ordusu Qəzza zolağında evlərin və tikililərin 70%-dən çoxunu dağıdıb. Demək olar ki, 2 milyon fələstinli qaçqın düşüb, onların yarısı uşaqlardır. 100 gündən çox müddətdə İsrail hərbçiləri 10 minə yaxın uşağı qətlə yetiriblər. Demək olar ki, 10 mindən daha çox. Dağıntılar altında əsasən qadınlar və uşaqlar qalıb”, – WAFA xəbər agentliyi XİN rəhbərinə istinadən bildirib.
“İsrailin başlatdığı soyqırım müharibəsi, kütləvi qətl kampaniyası və anklavda Fələstin xalqının sistematik şəkildə məhv edilməsi nəticəsində Qəzza zolağında dəhşətli vəziyyət yaranıb”, – deyə Əl-Maliki sammit iştirakçılarına müraciət edərək vurğulayıb. (Tass)