Budəfəki parlament seçkilərində vətəndaşlarımız Azərbaycanın bütün ərazilərində səs verə biləcəklər. Bu, böyük xoşbəxtlik və qürurverici hadisədir. Qalib ölkənin vətəndaşı kimi parlament seçkilərinə qatılmaq sözlə ifadə edilməyən hisslər yaradır.AZƏRTAC “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli söyləyib.O qeyd edib ki, “Böyük Qayıdış” proqramına uyğun olaraq Qarabağa və Şərqi Zəngəzura qayıdan vətəndaşlarımızın, eyni zamanda, quruculuq prosesində iştirak edən insanlarımızın rahat və azad seçim etmələri üçün bütün şərait yaradılır. “Budəfəki parlament seçkiləri bir sıra özəllikləri ilə yadda qalacaq. Müstəqillik tariximizə bir ilk kimi düşəcək bu seçkilərdə iştirak edən bütün namizədlərə uğurlar arzulayıram və ən layiqli namizədlərin seçilməsini istərdim. İnanıram ki, parlamentin yeni üzvləri ölkəmizin daha da inkişafı, beynəlxalq aləmdə layiqli yerini tutması üçün səy göstərəcəklər”, – deyə o əlavə edib.Hazırda ölkə və region üçün yeni çağırışların meydana çıxdığını diqqətə çatdıran rektor bildirib ki, dünyada gedən gərgin siyasi proseslər fonunda Azərbaycanın beynəlxalq imici ildən-ilə, gündən-günə artır. “Dövlətimizin beynəlxalq əhəmiyyəti artır, diqqət mərkəzində olmağımıza şərait yaranır. Əminəm ki, seçiləcək yeni parlament də operativliyi, proseslərə vaxtında və çevik reaksiyası ilə yadda qalacaq. Bu baxımdan parlamentdə gənclərimizin də təmsil olunmasını, yeni innovativ biliklərə malik mütəxəssislərin qanunverici orqana seçilmələrini arzulayıram. Eyni zamanda, bu seçkilərdən sonra Qarabağı və Şərqi Zəngəzuru təmsil edəcək parlament nümayəndələrinin məsuliyyəti daha da artacaq”, – deyə F.Bədəlbəyli qeyd edib.