2003-2023-cü illərdə Azərbaycan Avropa İttifaqının (Aİ) 9 ölkəsi ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb. Bütün bu müqavilələr Azərbaycanın strateji mövqeyini daha da gücləndirib. Ona görə də ölkəmiz İkinci Qarabağ müharibəsi zamanı ciddi təzyiqlərlə üzləşmədi.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Prezident İlham Əliyevin xarici siyasət uğurları 2003-2023” mövzusunda yazılmış broşürün təqdimat mərasimində çıxış edərkən deyib.
O bildirib ki, BMTM tərəfindən broşürün yazılmasına ötən il başlanılıb. Broşürdə 20 il ərzində aparılan xarici siyasət istiqamətləri öz əksini tapıb.
Fərid Şəfiyevin sözlərinə görə, son 20 il ərzində aparılan uğurlu xarici siyasətin əsası 1990-cı illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
“Broşürün yazılmasında məqsəd 20 il ərzində həyata keçirilmiş uğurlu xarici siyasətin əsas məqamlarını vurğulamaqdır. Biz broşürdə 20 il ərzində Qarabağ uğrunda aparılan mübarizə, II Qarabağ müharibəsinin nəticələrinə də toxunmuşuq. Azərbaycan Qarabağ münaqişəsini döyüş meydanında həll edib. Məlumdur ki, müharibə zamanı hər hansı xarici dövlətlər tərəfindən Azərbaycana qarşı ciddi irad və təzyiqlər baş vermədi. Bunun da bir sıra səbəbləri var. 1990-cı illərdə qəbul edilmiş beynəlxalq qətnamələr və dövlətimizin başçısı İlham Əliyev tərəfindən aparılan uğurlu xarici siyasət bunun bariz nümunəsidir”, – deyə BMTM-in İdarə Heyətinin sədri vurğulayıb.