“Azərbaycana qarşı törədilən qətliam və soyqırımılarının hər biri sənədləşdirilməlidir”.
APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi Başlıbel qətliamı ilə bağlı ingilis dilində hesabatın təqdimatı zamanı deyib.
“Mütəmadi şəkildə bu illər ərzində Azərbaycana qarşı Zəngəzurda, İrəvanda və Qarabağ ərazisində Azərbaycana qarşı cinayətlər törədilib”, – o, əlavə edib.
Fərid Şəfiyev qeyd edib ki, Başlıbel faciəsinin şahidlərinin danışdırılmasından əlavə, akademik müstəvidə də iş aparılmalıdır: “Bütün bunlar birinci növbədə, beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Bu baxımdan, Başlıbel faciəsi haqqında bu gün səsləndirəcəyimiz ingilis dilli hesabat da buna daxildir”.
“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Xalid Kazımov isə deyib ki, təqdim olunan hesabat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Ermənistanın Başlıbeldə törətdiyi müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar üçün hesabat hazırlanması” layihəsi çərçivəsində hazırlanıb:
“Ermənistanın Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində törədildi. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən, əksəriyyəti qadın, qoca və uşaqlar olan 62 nəfər Başlıbel sakini, Laçın rayonu ərazisində ermənilərin girovluğundan qaçıb Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini, mühasirəyə düşən 9 nəfər əsgər sağ qalmaq üçün dağlara sığınıblar. Amma Başlıbel kəndini qarət edən erməni silahlı birləşmələri 1993-cü ilin aprelində mülki insanların gizləndiyi yeri aşkarlayıblar. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib”.
Xalid Kazımlı onu da vurğulayıb ki, Başlıbel ətrafındakı mina təhlükəsi o faciə qurbanlarının dəfn olunduğu yerdə qəbirüstü abidənin qoyulmasına maneə törədir: “Qətliamında güllələnən 13 nəfərin cəsədi bu günədək hələ də tapılmayıb”.