Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın Latakiya şəhərində baş verənləri Suriyanın yeni hakimiyyət orqanlarının səylərinə zərbə vurmaq məqsədi daşıyan təxribat adlandırıb. O, bunu İordaniyanın paytaxtında Türkiyə, Suriya, İordaniya, İraq və Livan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən təhlükəsizlik toplantısından sonra deyib.
“Biz Suriya hökumətinin səylərini, son həftələrdə heç bir təxribat olmadan yürütdüyü siyasətə zərbə vurmaq cəhdlərini görürük. Suriyadakı bütün qardaşlarımızın, istər ələvi, istər xristian, istərsə də druz olsun, bu təxribatlardan uzaq olması çox vacibdir. Region ölkələri olaraq, sabitliyi pozan istənilən hərəkətin əleyhinəyik”, – o deyib. Yayım Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən sosial şəbəkələrdə aparılıb.
Əmmanda baş tutan görüşdən danışan Fidan bunun “həqiqətən də tarixi olduğunu” qeyd edib. “Biz beş ölkə, o cümlədən Suriya, regionumuzdakı bəzi xroniki problemləri həll etmək üçün yollar axtarırıq. Biz regionun xroniki problemlərini birlikdə həll etmək üçün iradə və təşəbbüs göstərməliyik. Əks halda, bu problemlər qloballaşacaq və digər oyunçuları regionumuzun işlərinə qarışmağa məcbur edəcək. Və belə müdaxilə bizə həll yollarından daha çox çətinliklər gətirir”, – Fidan qeyd edib.