Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO xarici işlər nazirlərinin Antalyada keçiriləcək qeyri-rəsmi toplantısında alyansın müdafiə xərcləri və Ukraynada sülh yolu ilə nizamlanmasının diqqət mərkəzində olacağını bildirib.
“Müttəfiqlər bu gün mühüm müzakirələr aparacaqlar. Müdafiə xərclərinin idarə edilməsi və yükünün bölüşdürülməsindən və müdafiə sənayesinin gücləndirilməsindən tutmuş Ukraynaya sülhün necə gətiriləcəyinə qədər. Bunlar liderlərimizin gələn ay Hollandiyada keçirəcəyi görüşə hazırlıq çərçivəsində bu gün müzakirə edəcəyimiz mühüm məsələlərdən bəziləridir”, – Fidan qeyri-rəsmi görüşdən əvvəl jurnalistlərə bildirib.
Alyansın İstanbulda keçiriləcək nazirlər toplantısına paralel olaraq Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların baş tutacağı gözlənilir. Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir. Onun tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxil olub. Kiyevin də İstanbula nümayəndə heyəti göndərdiyi və Vladimir Zelenskinin daha sonra Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağı bildirilir. (Tass)