Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiya və Ukraynanın mümkün atəşkəs rejiminin tətbiqi üçün fərqli tələbləri var və hazırda onların razılaşdırılması lazımdır. Fidan bunu səfərə getdiyi Polşadan Ukraynaya gedən qatarda onu müşayiət edən jurnalistlərlə danışarkən deyib.
“Danışıqlar prosesinin başlaması ilə mən görürəm ki, məsələlər daha ciddi forma almağa başlayıb. Yəni, adətən, hər iki tərəf atəşkəs istəyir, heç kim buna qarşı olduğunu demir. Bunu dünya ictimaiyyətinə izah etmək çətin olardı. Amma digər tərəfdən, hər iki tərəfin atəşkəslə bağlı müxtəlif tələbləri var. Bu tələblər də razılaşdırılmalıdır. Bütün bunları tarazlığa gətirdiyimiz zaman, atəşkəsə nail olmaq üçün daha konkret addımlar atıla bilər”, – deyə Fidan bildirib.
Nazir izah edib ki, Rusiya tərəfi 30 günlük atəşkəs başlasa, bundan konkret olaraq nə qazanacağı sualını gündəmə gətirir. “Məsələn, 30 gündən sonra müharibə bərpa olunarsa, niyə [bununla bağlı danışıqlar aparaq]. Rusiya Federasiyasının burada müəyyən şərtləri var. Yəni, niyə biz indi atəşkəslə bağlı danışıqlar aparırıq sualı, əlbəttə ki, vacib və qanunidir. Müharibənin bərpa olunacağı təqdirdə bu şərtlər danışıqlara açıq sahədir”, – Fidan qeyd edib.
O hesab edir ki, “ukraynalılarla rusların mövqeləri əvvəlcə bir-birindən uzaqdır, lakin vasitəçilik yolu ilə onları bir-birinə yaxınlaşdırmaq olar”. “Əlbəttə, burada Amerikanın da mühüm rolu var. ABŞ prezidenti Donald Trampın iradəsi var, o, dərhal atəşkəs görmək istəyir. Hazırda Ukrayna və Avropa tərəfi Amerikanın mövqeyinə uyğunlaşmaqda çeviklik nümayiş etdirib. Əgər Rusiya eyni səviyyədə uyğunlaşma və çeviklik nümayiş etdirə bilməsə, o, əslində Amerikanın gözündə əlverişsiz vəziyyətdə qala bilər”, – deyə Fidan hesab edir. (Tass)