AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru, İqtisad üzrə fəlsəfə doktoru Firdovsi Fikrətzadənin Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlara dair məqaləsini təqdim edir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatların birinci dövrü ölkədə kənd təsərrüfatı sahəsinin inkişafı üçün möhkəm təməl yaratmışdır. İlk növbədə, bu islahatlar nəticəsində ölkənin aqrar sektorunda bazar münasibətləri və torpağın kəndlilərin özəl mülkiyyətinə verilməsinə əsaslanan təsərrüfatçılıq sistemi müvəffəqiyyətlə formalaşdırıldı. Eyni zamanda, kənd təsərrüfatı sahəsinin keçid dövrünün əvvəlki mərhələsində məruz qaldığı dərin böhran inkişaf dinamikası ilə əvəz olundu.
Ümummilli Liderin rəhbərliyi ilə uğurla həyata keçirilən aqrar islahatlar hesabına ölkədə kənd təsərrüfatı sahəsində özəl mülkiyyətə əsaslanan təsərrüfatçılıq təcrübəsinin və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan aqrar siyasət mexanizmlərinin formalaşdırılması bu sahədə yeni inkişaf məqsədlərini hədəfləyən islahatların tarixi varislik prinsipi gözlənilməklə sonrakı dövrlərdə də müvəffəqiyyətlə davam etdirilməsinə imkan verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2003-cü il noyabrın 24-də imzalanan “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə aqrar sektorda islahatların ikinci mərhələsinin başlanmasına dair siyasi qərar qəbul olundu, bu istiqamətdə təkliflərin hazırlanması ilə bağlı hökumətə tapşırıq verildi.
Bununla da Azərbaycanda aqrar sahədə genişmiqyaslı və sistemli tədbirləri əhatə edən islahatların ikinci mərhələsi başladı. Aqrar islahatların ikinci mərhələsi çərçivəsində bir tərəfdən fermerlərin istehsal vasitələri və maliyyə resursları ilə təminatının yaxşılaşdırılmasına, digər tərəfdən isə onların istehsal xərclərinin azaldılması və gəlirlərin artırılması məqsədlərinə xidmət edən dövlət dəstəyi mexanizmləri formalaşdırıldı.
Fermerlərin müxtəlif növ kənd təsərrüfatı texnikası və avadanlıqlara olan ehtiyacının güzəştli şərtlərlə ödənilməsi məqsədilə “Aqrolizinq” ASC vasitəsilə 2005-ci ildən etibarən müvafiq texnika və texnoloji avadanlıqların büdcə vəsaiti hesabına subsidiyalaşdırılmış qiymətlərlə və lizinq yolu ilə satışı mexanizmi yaradıldı. Həmçinin 2007-ci ildən mineral gübrə təminatının artırılması məqsədilə gübrələrin, 2015-ci ildən isə pestisidlərin güzəştli satışı mexanizmi yaradıldı. 2009-cu ildən isə Avropa ölkələrindən idxal edilən safqanlı damazlıq cins heyvanların fermerlərə güzəştli satışına başlanıldı, hazırda idxal edilən damazlıq cins heyvanlarla yanaşı, yerli damazlıq heyvandarlıq təsərrüfatlarından alınan safqanlı cins heyvanların da satışı subsidiyalaşdırılır.
Bu istiqmətlədə dəstək tədbirlərinin təkmilləşdirilməsi məqsədilə 2019-cu ildən etibarən kənd təsərrüfatı istehsal vasitələri bazarında rəqabətyönlü fəaliyyətin təmin edilməsi, özəl aqrotexniki xidmətlərin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı prinsipinin tətbiqi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Bununla da, texnika, cins mallar, gübrə və pestisidlərin satışına yenə də dövlət dəstəyi davam etdirilməklə, hazırda müvafiq təchizat özəl sektor tərəfindən həyata keçirilir. Həmçinin dövlət büdcəsi hesabına dəstək verilən güzəştli satış siyasəti hazırda soyuducu anbar, ilkin emal, toxum emalı, heyvandarlıq təyinatlı və innovativ texnika və texnoloji avadanlıqları da əhatə edir.
Fermerlərin müvafiq istehsal vasitələri ilə təminatına dəstəklə yanaşı, onların istehsal xərclərinin azaldılmasına dəstək məqsədilə 2007-ci ildən etibarən bütün sahələr üzrə məhsul istehsalı üçün istifadə olunan yanacağın və motor yağlarının dəyərinin orta hesabla 50 faizi həcmində subsidiyalaşdırılmağa başladı. 2008-ci ildən buğda və çəltik əkinlərinə əlavə dəstək üçün subsidiya müəyyənləşdi. Eyni zamanda, ixracyönümlü məhsullar kimi pambıq və tütün istehsalçılarına 2016-cı ildən, ərzaq təhlükəsizliyinin gücləndirilməsi siyasətinə uyğun olaraq şəkər çuğunduru istehsalına 2017-ci ildən məhsul subsidiyasının da verilməsinə başlanıldı. Yerli heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə 2016-cı ildən süni mayalanma yolu ilə doğulan buzovlara subsidiya müəyyən edildi. 2018-ci ildən arıçılığın inkişafı üçün subsidiya tətbiq edildi. 2023-cü ildən etibarən isə ərzaqlıq buğdaya görə məhsul subsidiyası verilir.
Hazırda aqrar sahə üzrə subsidiya tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” ilə müəyyən edilən təkmilləşdirilmiş mexanizmlər vasitəsilə həyata keçirilir. Mövcud mexanizm çevikliyi və fermerlərə verilən subsidiyaların kənd təsərrüfatı istehsalının inkişaf aləti kimi funksionallığının yüksəldilməsini təmin etmişdir. Bütün subsidiyaların vahid yanaşma ilə və yalnız EKTİS vasitəsilə verilməsi şəffaflığı, hesabatlılığı, birbaşa əlçatanlığı, resurslara qənaəti təmin edir.
Hazırda Azərbaycanda kənd təsərrüfatı sahəsi üzrə həyata keçirilən birbaşa dövlət dəstəyi tədbirlərinin əsas istiqamətlərini aşağıdakı kimi təsnifləndirmək olar:
Kənd təsərrüfatına dövlət dəstəyi siyasəti mütəmadi olaraq təkmilləşdirilməklə yanaşı, bu istiqamətdə verilən dəstəyin həcmi də əsaslı şəkildə artırılmışdır. Belə ki, fermerlərə birbaşa subsidiyaların verilməsinə başlanıldığı 2007-ci ildə bu dəstəyin həcmi 46 milyon manat idisə, artıq 2022-ci ildə bu göstərici 450 milyon manata çatmışdır.
Şübhəsiz ki, aqrar sahəyə verilən dövlət dəstəyinin mühüm bir istiqaməti də bu sahə üzrə tətbiq edilən vergi və gömrük güzəştləridir. Aqrar sahənin 1999-cu ildən etibarən başlayan vergidən azadolma siyasəti bu günə qədər davam etdirilir. Eyni zamanda, ölkəyə idxal olunan damazlıq cins heyvanlar, toxumlar, gübrə və pestisidlər, kənd təsərrüfatı texnikası, yem və yem məhsulları, baytarlıq cihazları və preparatlarına görə güzəştli gömrük vergi və rüsumları tətbiq olunur, müvafiq güzəştlər tətbiq edilən istehsal vasitələrinin siyahısı genişləndirilir.
Həmçinin bazar sisteminin inkişafı istiqamətində 2022-ci ildən kənd təsərrüfatı məhsullarının pərakəndə və topdansatış dövriyyəsi üzrə ƏDV ticarət marjasına görə tətbiq olunur. Aqrotexniki xidmətlər bazarının inkişafı məqsədilə bu xidmətlərin göstərilməsi də ƏDV-dən azad edilmişdir.
Fermerlərə dövlət büdcəsi vəsaiti hesabına güzəştli kreditlərin verilməsi, həmçinin dövlət dəstəyinə əsaslanan aqrar sığorta sisteminin yaradılması və fəaliyyəti bu sahə üzrə dövlətin himayə tədbirlərinin daha bir mühüm istiqamətini təşkil edir.
Həyata keçirilən çoxistiqamətli dövlət dəstəyi tədbirləri hesabına kənd təsərrüfatı üzrə texnika parkının yenilənməsi, aqrotexniki xidmətlərə əlçatanlığın, eyni zamanda, toxum, gübrə və pestisid kimi istehsal vasitələri ilə təminatın artırılması istiqamətində öz müsbət nəticəsini vermişdir. Kənd təsərrüfatında intensiv inkişaf trendi formalaşmış, innovasiyalardan istifadə genişlənmiş, “ağıllı kənd təsərrüfatı” həllərinin tətbiqinə başlanılmışdır.
Görülən tədbirlər hesabına son 2003-2022-ci illər ərzində kənd təsərrüfatına investisiya qoyuluşu 10,9 dəfə yüksəlmiş, kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 41,4 faiz genişləndirilmiş, xüsusilə də intensiv inkişaf hesabına aqrar sahədə real istehsal həcmi 2 dəfədən çox artmışdır. Bu artım həm heyvandarlıq, həm də bitkiçilik məhsullarının istehsalı üzrə təqribən eyni səviyyədə olmuşdur.
Dünya Bankının məlumatlarına əsasən, aparılan hesablamalara görə, aqrar sahədə yaradılan əlavə dəyərin uzunmüddətli orta illik real artım göstəricisi Azərbaycanda dünya üzrə, habelə həmsərhəd dövlətlər və Avropa və Mərkəzi Asiya regionu üzrə orta səviyyə ilə müqayisədə daha yüksəkdir.
İstehsal potensialının artırılması və qlobal dəyər zəncirinə inteqrasiyanın güclənməsi hesabına 2003-2022-ci illər ərzində kənd təsərrüfatı məhsulları ixracının həcmi 6,9 dəfə artıb. Həmçinin əsas ərzaq məhsulları üzrə yerli istehsal potensialının gücləndirilməsi hesabına özünütəminetmə səviyyəsi də ilbəil yaxşılaşıb.
Son olaraq onu da qeyd etmək lazımdır ki, aparılan hesablamalara əsasən 2022-ci ildə kənd ölkədə istehsal olunan təsərrüfatı məhsullarının real həcmi əvvəlki iqtisadi sistem çərçivəsində nail olunmuş ən yüksək göstəricidən (1984-cü ilin müvafiq göstəricisindən) 38,2 faiz yüksək olub.
Beləliklə, uğurla reallaşdırılan inkişaf strategiyası müstəqil Azərbaycanın kənd təsərrüfatının daha yüksək səviyyələrə çatmasına imkan yaradıb. Torpaqlarımızdan səmərəli istifadə edəcəyimiz halda, ötən əsrin 70-ci illərində götürdüyümüz məhsuldan da xeyli artıq məhsul götürə biləcəyimizə dair hələ aqrar islahatların birinci mərhələsinə başlamamışdan öncə Ulu Öndər tərəfindən uzaqgörənliklə irəli sürülən daha bir ideya bu gün Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət sayəsində gerçəkliyə çevrilib.