Neftçala sakini İbrahim Nağıyev qarşıya qoyduğu məqsədə çatıb. O, fiziki məhdudiyyəti əngəl görməyərək dulusçuluğun sirlərinə yiyələnmək üçün peşə hazırlığı kursu keçib. İndi İbrahimin əl işləri arasında gildən düzəltdiyi bir çox əşyalar yer alır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İbrahim Nağıyev Neftçala rayonu Yenikənd kəndində dünyaya göz açıb. Azyaşlı vaxtlarından inkişaf qüsurlarının olması onun həyat eşqinə mane olmayıb. Orta təhsilini həmin kənddə alan İbrahimin ən böyük arzusu dulusçuluq sənətini öyrənmək olub. 9-cu sinfi bitirdikdən sonra İbrahim Bakı şəhərində Reabilitasiya Mərkəzində dulusçuluq peşə hazırlığı kursuna müraciət edərək, sənətin sirlərini öyrənməyə başlayıb və öz arzusuna çatıb.
Gənc dulusçu İbrahim Nağıyev deyir ki, hərənin özünə uyğun peşə və sənət bacarığı var, mən də öz bacarığımın bu sahəyə olduğunu düşündüm. “Başqa bir çox sənət və peşə sahələri də var, amma onları yaxşı bacarmıram. Bu iş isə mənə həm stimul verdi, həm də sanki özümü bu sahədə kəşf etdim. Ona görə də, bu dulusçuluq sahəsini seçib öyrənməyə başladım”,- deyə İbrahim bildirib.
2023-cü ildə mərkəzdə 6 aylıq kursda dulusçuluq sənətinin incəliklərinə yiyələnən İbrahim Nağıyev elə həmin ildə əlilliyi olan peşə sahiblərinin Bakıda keçirilən Birinci Milli Abilimpiya yarışında iştirak edib və 3-cü yeri tutub. Bir il sonra Moskvada keçirilən Abilimpiya yarışında isə gümüş medal qazanıb. Hədiyyə və sertifikatlarla mükafatlandırılıb. İbrahim öz sevimli peşəsini bir müddət İsmayıllı rayonunda davam etdirib. Daha sonra isə Neftçalaya qayıdıb.
“8 ay müddətində tələbələrim oldu, təlimçi işlədim. Orda müəyyən problemlərə görə, ayağımda, səhhətimdə olan çətinliklərlə bağlı işdən ayrılaraq öz rayonumda işləməyi qərara aldım və mənim üçün belə daha rahat oldu”,- deyə o söyləyib.
Neftçala rayonunda yeganə dulusçuluq sənəti ilə məşğul olan İbrahim Nağıyevin ən böyük arzusu isə bu qədim sənəti inkişaf etdirməkdir. O deyir ki, hazırladığı saxsı qablar peçdə bişirilməlidir. Hələlik isə bu avadanlıq olmadığından işində bir qədər çətinliklər olsa da, İbrahim öz sevimli sənətini unutmur. O, İsmayıllıdan gil gətizdirərək, müxtəlif saxsı əşyaları düzəldir və öz işindən də zövq alır.