Dünyanın bir sıra aparıcı ölkələrində tibbi təhsil almış şöbənin yüksəkixtisaslı tibb personalı tərəfindən ultrasəs, kombinə elektroterapiyası, elektroforez, endopress, elektrostimulyasiya, qısa dalğa, lazer, traksiya, maqnitoterapiya, balneoterapiya, osteopatiya, tibbi masaj, manual terapiya, detoksikasiya, biorezonans, limfodrenaj və zərbə dalğa terapiyası kimi prosedurlar icra edilir.
Fizioterapiya və tibbi reabilitasiya şöbəsinin peşəkar tibb personalı hər bir xəstəyə fərdi yanaşır. Onların məqsədi müalicədən sonra xəstəliyin növündən və dərəcəsindən asılı olaraq istənilən nəticəni əldə etməkdir.
Müasir dünyada ən çox yayılan xəstəliklərdən biri də onurğa sütununun əyilməsi ilə əlaqədar olan skolioz xəstəliyidir. Bu xəstəlik həm erkən yaşlarda, həm də oturaq həyat tərzi keçirən gənc və yaşlı insanlarda dayaq hərəkət sistemində, onurğa sütununda problemlər yaradır. Fizioterapiya şöbəsində skoliozun dərəcəsi imkan verirsə, mümkün qədər əməliyyatsız müalicə edilir. Əsas müalicə üsulu Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə geniş istifadə olunan alman mütəxəssisi Katarina Schroth tərəfindən hazırlanmış Schroth üsulu ilə müalicədir. Bu müalicə metodunda 3D idman hərəkətlərindən, xüsusi tənəffüs texnikasından istifadə edilir.
Müalicədən əvvəl həkimlər hərtərəfli müayinələr aparır, müasir diaqnostik avadanlıqların köməyi ilə pasiyentin xəstəliyin düzgün diaqnozu və qiymətləndirilməsi qısa bir müddətdə həyata keçirilir. Müalicə prosedurları pasiyentləri ağrılardan xilas etməklə yanaşı, ağrıya səbəb olan amilləri də aradan qaldırır. Cərrahi müdaxilə tələb edən xəstəliklərdə ağrıkəsicilərə ehtiyac azalır, hərəkətlilik artır, terapevtik yaxşılaşma müşahidə olunur, hərəkət pozulmaları, əzələ və sümük zəifliyi, insult sonrası pozuntular və beyin zədələri fiziki müalicə ilə aradan qaldırılır.
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində aparılan müalicələr klinik protokollara uyğun kompleks şəkildə, müasir fizioterapiyanın ən yeni metodları vasitəsilə həyata keçirilir.Azərtac