Fransa, Almaniya və Polşa Veymar formatında əməkdaşlığı intensivləşdirmək niyyətindədirlər. Bu barədə Fransanın baş naziri Qabriel Attal Berlində Almaniya kansleri Olaf Şolzla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
“Gələn həftə Fransa, Almaniya və Polşanın xarici işlər nazirləri Veymar üçbucağı formatında yeni danışıqlar üçün görüşəcəklər”, – Attal bildirib. Onun sözlərinə görə, “bu formatın bərpası Polşanın Avropa siyasi səhnəsinə tam qayıdışından xəbər verir”.
O qeyd edib ki, Veymar üçlüyü danışıqlarında əsas diqqət Ukraynaya dəstək, Avropa suverenliyinin möhkəmləndirilməsi və Avropa İttifaqında islahatların aparılmasına yönələcək.
Veymar üçbucağı Almaniya, Fransa və Polşa arasında 1991-ci ilin avqustunda yaradılmış üçtərəfli formatdır. İlkin olaraq o, üç ölkə arasında əməkdaşlığı inkişaf etdirmək vəzifəsini qoydu və Polşanı Aİ və NATO ilə yaxınlaşdırmaq üçün bir vasitə kimi düşünülüb. (Tass)