Fransa və Ukrayna prezidentləri iki ölkə arasında 10 il müddətinə təhlükəsizlik sahəsində zəmanətlər və əməkdaşlıq haqqında saziş imzalayıblar. Mərasimi Yelisey sarayının mətbuat xidməti yayımlayıb.
“Biz 10 il müddətinə müqavilə imzaladıq və bu, Ukrayna NATO-ya üzv olana qədər qüvvədə olacaq”, – Makron bildirib. Bunun fonunda o, Ukraynanın Avropa İttifaqına qoşulacağına əminliyini ifadə edib, həmçinin Şimali Atlantika Alyansına da qoşulacağına “ümid etdiyini” bildirib.
Fransa lideri Ukrayna prezidenti Vladimir Zelenski və Almaniya kansleri Olaf Şolzun bu gün imzaladığı sənəddən fərqlilikləri şərh etmək istəyinə cavab verərək, Ukrayna üçün təminatlarla bağlı hazırkı sazişlərin əslində “bir-birini tamamladığını” vurğulayıb. Onun sözlərinə görə, bu, 2023-cü ildə Vilnüsdə keçirilən sammitdə NATO ölkələrinin razılaşdırdığı ilk plan idi. Makron qeyd edib ki, keçmiş vədlərdən fərqli olaraq, bu sənədlər daha məcburi və konkretdir. (Tass)