“Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ərsəyə gələn “Ölümə qənşər-2” bədii-sənədli filminin təqdimatı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filmin təqdimatı Füzuli Dövlət Dram Teatrında nümayiş olunub.
Bildirilib ki, film 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi zamanı əzəli Azərbaycan torpaqlarının azadlığı uğrunda vuruşan qəhrəmanlarımızdan, igid əsgər Qamət İnşallahlı Mehrac oğlu və onun arxa cəbhədə öz maddi-mənəvi köməkliyini ordumuza əsirgəməyən ailəsindən bəhs edir. Filmdə obrazları canlandıranlar isə N saylı komando birliyinin mənsubları olub.
Film Hadrut və Tuğ kəndləri ərazisində lentə alınıb, Qamət İnşallahlı və silahdaşlarının döyüş yolu filmdə öz əksini tapıb.
Film izləyicilər tərəfindən maraq və alqışlarla qarşılanıb.