Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən aktiv məşğulluq tədbirinin əsas məqsədi işsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxışını dəstəkləməkdir. Çıxış edənlər regionlarda bu cür əmək yarmarkalarının keçirilməsini müsbət hal kimi dəyərləndirib, işaxtaran və işəgötürənlərə uğurlar arzulayıblar.
Əmək yarmarkasında 15 müəssisə tərəfindən 100-ə yaxın vakansiya təqdim edilib.
Müraciət edənlərə işəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib. 50-dən çox işsiz və işaxtaran şəxs rəsmi qeydiyyatdan keçib. Vakansiyalara müraciət edən digər şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.