Gəncədə 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri zamanı şəhid olan Azərbaycan Ordusunun Baş leytenantı Kərəm Akif oğlu Həsənovun, əsgərlər Murad Xıdır oğlu Axundov, Talıb Elman oğlu Əliyev və Oruc Arif oğlu Bədəlovun xatirələri yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, I Qarabağ və Vətən müharibəsi iştirakçıları, şəhidlərin ailə üzvləri hərbçilərin Şəhidlər xiyabanındakı məzarlarını ziyarət edib, üzərlərinə tər çiçəklər düzüblər.
Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin daim əziz tutulduğu, dövlət tərəfindən şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının daim diqqətdə saxlanıldığı vurğulanıb.