Martın 1-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə qurumun inzibati binasında “Gənc nəslin tərbiyəsi parlaq gələcəyimizin təminatıdır” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxış edərək gənc nəslin tarixi roluna, dövlətimizin gənclər siyasətinə diqqət çəkib, hər bir şəxsin bu siyasəti dəstəkləməsinin önəmini vurğulayıb.
“Qeyd edib ki, gənclərimiz 44 günlük Vətən müharibəsində, habelə lokal antiterror tədbirləri zamanı öz cəsarətləri, rəşadətləri, qəhrəmanlıqları ilə xalqımızın Zəfərini təmin edib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yeni tarix yazıb. Prezident İlham Əliyev bütün çıxışlarında gənclərimizin vətənpərvərlik ruhunu, mübarizə əzmini yüksək qiymətləndirib, onlara böyük sevgi və etimadla yanaşıb.
Bu gün yeniyetmələr və gənclər arasında bəzi arzuedilməz olaylara da şahid oluruq. Bu isə biz veteranları narahat edir. Bunlardan biri erkən nigahla bağlıdır. Bəzən yeniyetmələr erkən nigaha təhrik edilir ki, bu da qanunun tələbinin pozulması ilə yanaşı, həm də əxlaqi-mənəvi baxımdan qəbuledilməzdir. Bu cür hallara qarşı mübarizədə cəmiyyətimiz aktiv iştirak etməli, belə hallara qarşı güclü ictimai qınaq olmalıdır. Habelə, hüquq-mühafizə orqanları bu cür hallarla bağlı dərhal məlumatlandırılmalıdır. Hesab edirəm ki, erkən nigaha qarşı effektiv mübarizə məqsədilə mövcud qanunvericiliyin daha da sərtləşdirilməsinə ehtiyac var”, – deyə polkovnik çıxışında bildirib.
Tədbirdə, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev, Müdafiə Nazirliyinin şöbə rəisi, polkovnik Elvin Əzizov, “Ədəbi Turan Kitab Fondu”nun sədri, elmlər doktoru Esmira Fuad, Xüsusi təyinatlıların ehtiyatda olan zabiti Əhliyyət Mehdiyev, “Əməliyyatların Təhlükəsizliyi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru, ehtiyatda olan polkovnik Anar Məmmədov da çıxış edib, dövlətimizin gənclərlə bağlı siyasətinə dəstək nümayiş etdirib, erkən nigah, narkomaniya, aqressiya və qəddarlıq kimi halları tənqid ediblər.