Rejissor Tom Fordun 2016-cı ildə misteriya və psixoloji dram janrında çəkdiyi “Gecə heyvanları” (Nocturnal animals) filminin elə ilk səhnəsindən
incəsənət qalereyasının açılışını görürük.
Bu səhnədə Tom Ford cəmiyyətin və onun yazılmamış qayda-qanunları altında əzilmiş həyatımıza dair mesaj verir.
Austin Raytın “Toni and Süzan” adlı romanı əsasında ekranlaşdırılan filmdən spoyler vermədən danışmaq mümkünsüzdür. Ona görə filmi hələ izləməyən şəxslərin bu yazını oxuması məsləhət deyil.
Özəlliklə qadınların cəmiyyətdə cinsi obyekt kimi görülməsi və artıq çəkili qadınların utanması göstərilir. Halbuki Tom Ford bu filmində bu
qadınların gözəlliyini bir tədbir vaxtı gözlər önünə sərməsi, bu qadınların deyil, xəstə və geri düşüncəli insanların utanmalı olduqlarını önə çəkir. Beləliklə, Karlos və Süzanın söhbəti zamanı işlədilən “bizim cəmiyyətimiz üçün tam bir utancdır” cümləsi açılış səhnəsi ilə cavabını almış olur.
İncəsənət qalereyası sahibi olan Süzan 19 ildir görüşmədiyi keçmiş həyat yoldaşından bir paket alır. Bu paketdə Edvardın hələ heç yerdə
yayımlamadığı yeni kitabı var. O, Süzandan romanı oxuyub fikir bildirməsini istəyir. Süzan kitabı oxuduqca həm özü, həm də izləyici
hekayənin sadəcə bir qurama gərilim olmadığını və Süzanın keçmişinə dair önəmli mesajlar ehtiva etdiyini anlayır. Oxuduğu bu roman Süzana həsr
olunmuş bir əsər deyil, Edvardın Süzandan alacağı intiqamın canlı sübutudur.
Süzanın kitabı oxumağa başlaması ilə Tom Ford öncə paralel, daha sonra çoxqatlı süjet xətti yaradır. Süzan kitabı oxuduqca, onun Edward ilə 19 ilöncə yaşadıqlarının detallarını aşkarlayır. Süzan ən sevmədiyi şəxsə, anasına bənzəməyə başladığının fərqinə varır, Edvard isə Süzanı
hekayəsinin ilk bölümündə artıq öldürüb.
Həyat yoldaşı və qızının cansız cəsədlərini qırmızı divanın üzərində tapan Toni personajı üzərindən Edvard Süzanın onu ilk yaraladığı yeri təsvir
edir. Süzan öz qalereyasında gördüyü tabloda olduğu kimi, “intiqamın” acı üzü ilə qarşılaşmağa başlayır.
Gördüyü işdən zövq almayan, həyatından məmnun olmayan, qızı ilə normal münasibət qura bilməyən ətrafında kimsəsi olmayan tənha bir qadındır Süzan. Bu roman onun üçün gerçəklərlə üzləşmək üçün bir vasitə olması ilə bərabər, eyni zamanda bir ümid qaynağı da olur. Edvard onun həyatının əskik parçası və bəlkə də bir yaradır. Buna görə Süzanın güldüyünü film boyunca sadəcə bir səhnədə görürük, o da Edvardın onunla görüşməyini qəbul etdikdən sonra, görüşə hazırlaşarkən üzərinə yaşıl paltarını geyinərək güzgüyə baxdığı həmin o səhnə. Həyatında bəlkə də uzun müddət sonra ilk dəfə anlamı olan bir an yaşayacaqdı.
Süzanın gözündən və dünyasından hekayənin finalı tamaşaçıya bir uçuruma düşmə təsiri bağışlasa da, Edvardın baxış bucağından
incələdikdə, bu çöküşü yox, qalibiyyəti, zəfəri simvolizə edir. Toninin ölümü Edvard üçün son deyil, yeni bir həyatın başlanğıcıdır və bu intiqam
o “yeni həyat”a çata bilmək üçün gerçəkləşməli olan bir təmizləmə prosesi hesab oluna bilər.
İndiki zamanda keçən səhnələrdə Süzan kədərli və kapitalizmin ucsuzbucaqsız dünyasında sıxılmış əhvalı əks etdirən, zaman-zaman parlaq,
amma tutqun rənglərdən istifadə edən Ford, romanda keçən səhnələrdə sarı tonlarından istifadə edir. Bu da izləyicidə keçib getmiş zamanı və romanın səhifələrini vərəqləyirmiş kimi effekt verir. Keçmiş zamanda keçən səhnələrdə isə gələcəyə ümidlə baxan Süzanın xoşbəxtliyini
simvolizə edən canlı rənglərdən istifadə olunub.
Filmin bir-birilə iç-içə olan çoxqatlı süjeti də izləyicilərin psixologiyası ilə oynayır. Özəlliklə Toni nə Süzanın duşda olduğu həmin səhnədə hər iki personajın nəfəs almağını, ürək ritmlərini eşitdiyimiz son səhnə.
Abel Korzeniovskinin bəstələdiyi mahnı filmin bütün ab-havası ilə həmahəng olaraq ona bir növ rəng qatır.
“Gecə heyvanları” filmi ilə Tom Ford ənənəvi 6 incəsənət növünü birləşdirən və hər birindən təsirlənən 7-ci sənətin, yəni kinonun nə qədər
cazibədar olduğunu xatırladır. Kinonu yenidən yaratmır, ancaq bir filmdə olmalı olan bütün materialları bir araya gətirərək modern bir “Şah əsərə” imza atmış olur.
Günel Abdulla