Sentyabr 7, 2025-6:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Görkəmli kimyaçı-alim, ziyalı və pedaqoq – Həbibulla Şahtaxtinski

2025:09:02 - 17:00
in SOSİAL
A A

Azərbaycan kimya elminin ənənələri və nailiyyətləri bu sahədə məktəb yaratmış akademiklər Yusif Məmmədəliyevin, Murtuza Nağıyevin, Əli Quliyevin, Vahab Əliyevin, Həbibulla Şahtaxtinskinin, Sultan Mehdiyevin və başqalarının adı ilə bağlıdır. Onlar Azərbaycanda kimya elminin inkişafında əvəzsiz rol oynamışlar.

Qeyri-üzvi və analitik kimya, qeyri-üzvi maddələrin kimyəvi texnologiyası və mineral xammalın emalı sahələrində görkəmli alim, Azərbaycan Elmlər Akademiyası (EA) Qeyri-üzvi və Fizika Kimya İnstitutunun (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) Mineral maddələrin texnologiyası laboratoriyasının əsasını qoymuş, Azərbaycan EA-nın həqiqi üzvü olmuş Əməkdar elm xadimi, kimya elmləri doktoru professor Həbibulla Şahtaxtinskini (1900-1986) hələ sağlığında Azərbaycan kimyaçılarının ağsaqqalı adlandırırdılar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Elm və Təhsil Nazirliyi akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyevin və Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasının müdiri professor Arif Heydərovun “Görkəmli kimyaçı-alim, ziyalı və pedaqoq” sərlövhəli məqaləsində yer alıb. Məqaləni ixtisarla təqdim edirik.

Həbibulla Baxşəli oğlu Şahtaxtinski 1900-cu il sentyabrın 9-da İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Naxçıvan Muxtar Respublikası) Şahtaxtı kəndində ziyalı ailəsində anadan olub. Onun atası dövrünün çox savadlı şəxsiyyəti olub, tərcüməçi işləyib.

Həbibulla Şahtaxtinski İrəvan klassik gimnaziyasında, daha sonra ikinci Bakı Gimnaziyasında təhsil alıb.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının şahidi olmuş H.B.Şahtaxtinski 1920-1921-ci illərdə Əmək Xalq Komissarlığında təlimatçı işləyib. 1921-ci ildə təhsilini davam etdirmək üçün Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) ezam olunmuş H.B.Şahtaxtinski oranın Tibb fakültəsinin tam kursunu 1926-cı ildə bitirib. Eyni zamanda, Tibb fakültəsinin 3-cü kursunda oxuyarkən Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Kimya-texnologiya fakültəsinə qəbul olub. 1930-cu ildə mühəndis-texnoloq diplomu alaraq gələcək həyatını kimya elmi ilə bağlayıb.

H.B.Şahtaxtinski ali məktəbdə təhsilini davam etdirməklə yanaşı, 1923-cü ildən bir sıra məktəblərdə dərs deyib. Hələ tələbə ikən o, 1924-cü ildə Politexnik İnstitutunda Analitik kimya kafedrasının laborantı seçilib, 1926-cı ildə isə ali təhsilli laborant vəzifəsinə keçirilib. 1930-cu ildə Qeyri-üzvi və analitik kimya kafedrasının assistenti seçilib, bir ildən sonra Miqdari kimyəvi analiz laboratoriyasına rəhbərlik edib. 1934-cü ildən dosent vəzifəsini icra edib, 1938-ci ildə dosent adı təsdiq olunub və 1937-ci ildən etibarən 22 il ərzində Analitik kimya kafedrasına rəhbərlik edib.

H.B.Şahtaxtinski 30-cu illərdə pedaqoji fəaliyyətlə yanaşı, elmi-tədqiqat işləri aparıb. Elə həmin vaxtlar arsenat-yodometriya sahəsində başladığı tədqiqat işləri sonralar analitik kimyada “arsenat-yodometriya” adlı böyük və vacib bir elm bölməsinin yaranmasına səbəb olub.

Kimya fənninin Azərbaycan dilində tədrisinin əsasını qoyanlardan biri olan H.B.Şahtaxtinskinin 1937-ci ildə çapdan çıxmış “Miqdari kimyəvi analiz” dərsliyi 1953-cü ildə ikinci dəfə nəşr edilib.

O, 1940-cı ildə “Yod həlledicilərinin tətbiqi ilə arsenat turşusunun və maqneziumun yodometrik təyini” mövzusunda namizədlik dissertasiyası, 1949-cu ildə Moskvada “Yodometriyanın arsenat üsulu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1950-ci ildə ona professor adı verilib.

İkinci Dünya müharibəsi illərində H.B.Şahtaxtinski Respublika Xalq Komissarları Sovetinin tapşırığı ilə yerli xammal və materialların emalı əsasında ölkənin müdafiə ehtiyacı üçün döyüş sursatı hazırlayan xüsusi kimya qrupuna rəhbərlik edib. Bu fəaliyyətinə görə fəxri fərman və medalla təltif edilib.

1959-cu ilin sentyabrında alimin təşəbbüsü ilə Azərbaycan EA-nın Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) Mineral maddələrin texnologiyası laboratoriyası yaradılıb. O, 27 il bu laboratoriyada işləyərək ömrünün sonuna kimi Azərbaycanın mineral xammalının öyrənilməsinə və kompleks işlənməsinə dair tədqiqat aparıb. Sonralar bu laboratoriya şöbə adını daşıyaraq 4 laboratoriyaya (Qeyri-filiz mineral xammalın emalı, Dəmir və titan tərkibli filiz xammalının emalı, Əlvan metal tərkibli mineral xammalın emalı, Analitik kimya laboratoriyası) çevrilib və hazırda fəaliyyət göstərir.

H.B.Şahtaxtinskinin Azərbaycanın mineral sərvətlərinin emalına aid tədqiqatları əsas mineral xammalların – alunitin, Filizçay polimetal filizinin, Daşkəsən dəmir filizinin, titanlı dəniz qumunun, boratların, daş duzunun, dolomitlərin emal problemlərini, nadir, səpələnmiş, qara və əlvan metalların kimyası və texnologiyası kimi çox böyük sahələri əhatə edir.

Dünyada ilk dəfə Gəncə-Gil torpaq zavodu öz fəaliyyətinə 1965-ci ildə alunitin emalı ilə başlayıb. Mövcud texnologiyanın təkmilləşdirilməsi, emalın göstəricilərinin yaxşılaşdırılması, istehsal prosesinin müxtəlif pillələrində itirilən qiymətli komponentlərin (vanadium və qalliumun) alınması, qaz tullantılarının təmizlənməsi və istifadəsi üzrə tədqiqat işlərinin aparılması H.B.Şahtaxtinskinin rəhbərliyi ilə onun tələbələri tərəfindən davam etdirilib.

Yandırma və reduksiya zamanı alunitin narın fraksiyalarının toz halında itkisini yox etmək üçün tədqiqatçı üyüdülmüş alunitin əvvəlcədən dənəvərləşdirilməsi və prosesi fırlanan sobada aparmağı təklif edir, bu isə itkinin 20 faizini aradan qaldırmağa imkan verir.

Görkəmli alimin təklif etdiyi digər mühüm üsul alunitin reduksiyası üçün solyar yağı əvəzinə konversiya olunmuş təbii qazdan istifadə edilməsidir. Səmərəli reduksiyaedicinin hesabına materialın reduksiya dərəcəsi artır, bu da öz növbəsində təmiz aluminium oksid və sulfat turşusunun alınmasına səbəb olur.

Alunitin kompleks emalı üzrə H.B.Şahtaxtinskinin apardığı işlər bu gün də aktual olduğu üçün hazırda institutda “Alunitin yeni emal texnologiyası” adı ilə davam etdirilir.

Akademik H.B.Şahtaxtinskinin öz biliyini və gücünü sərf etdiyi mühüm problemlərdən biri də əlvan metallurgiya sənayesində əldə edilən və tullantı qazlarının tərkibinə daxil olan kükürd qazlarından elementar kükürdün alınmasıdır. Dünya praktikasında ilk dəfə olaraq, müxtəlif katalizatorlardan istifadə etməklə kükürd 4-oksidin aşağı temperaturda konversiya qazı ilə reduksiyasının elmi əsasları işlənib-hazırlanıb. Keçmiş SSRİ Əlvan Metallurgiya Sənayesi Nazirliyi bu metodun Norilsk metallurgiya kombinatında mis zavodunda tətbiq olunmasına qərar verib.

Çox zəngin təbii ehtiyata malik, tərkibində 40-a qədər qiymətli element olan Filizçay polimetal filizinin kompleks emalı problemi də H.B.Şahtaxtinskinin elmi fəaliyyətində mühüm bir mərhələ olub. Bilavasitə onun rəhbərliyi altında filizin zənginləşməsindən alınan ayrı-ayrı selektiv konsentratların (mis, sink, qurğuşun və pirit), kollektiv konsentratın və birbaşa filizin işlənməsinin yeni texnoloji sxemləri işlənib-hazırlanıb.

O, 1967-ci ildə müxbir üzv olmadan birbaşa Azərbaycan EA-nın həqiqi üzvü seçilib.

Alimin elmi işlərinin nəticələri 7 monoqrafiya və dərslikdə, 400 elmi məqalədə, müəllif şəhadətnamələrində və elmi hesabatlarda ümumiləşdirilib. O, 40-a yaxın elmlər namizədi və doktoru, çox sayda mühəndis-texnoloq, kimyaçı, müəllim və elmi işçilər hazırlayıb. Alimin 30-dan çox elementi filiz, ərinti və daş süxurlarında təklif etdiyi metodla təyini keçmiş İttifaqda, həm də xaricdə tanınıb və ədəbiyyata “H.Şahtaxtinski metodu” kimi düşüb.

1974-cü ildə ona Azərbaycanın Əməkdar Elm Xadimi fəxri adı verilib.

Akademik H.B.Şahtaxtinskinin 125 illik yubileyi ərəfəsində biz alimin irsini, onun elmi uzaqgörənlik istedadını, perspektiv elmi ideyalarını minnətdarlıqla qiymətləndiririk. Onun elmdə yaratdığı istiqamətlər müstəqil Azərbaycanın iqtisadi potensialının yüksəldilməsi və ehtiyatların səmərəli istifadə olunması üçün bu gün də aktualdır.

Əvvəlki Yazı

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

Növbəti Yazı

DİM sentyabrın 7-də əlavə imtahanlar keçirəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.