AZƏRTAC-ın bölgə müxbiri Göygöl rayonunda fəaliyyət göstərən yol kənarı xırda turizm obyektlərində olub, burada hazırlanan ləziz kətə və qozlu kofedən dadaraq, turistlərlə söhbət edib.
Rayonun qonaqları soyuq qış aylarında buraya xüsusilə qozlu kofedən dadmaq üçün gəldiklərini deyirlər.
Göygöl rayonuna daha çox təbiəti və təmiz havası üçün gəldiyini bildirən Ramin Əliyev burada mütləq qozlu kofedən daddığını söyləyib: “Buraların təmiz havası ilə yanaşı, pürrəngi çayı, kətəsi və qozlu kofesi əvəzolunmazdır. Göygöldən başqa digər ərazilərdə qozlu kofeyə rast gəlməmişik”.
“Demək olar ki, Aşıqlı, Hacıkənd bölgəsinə tez-tez dincəlmək üçün gəlirəm. Burada yol kənarı yaxşı kətə bişirilir, qozlu kofe hazırlanır. Qiymətlər də münasibdir,” – deyə rayon sakini Şükür Qasımov bildirib.
Satıcılar hazırlanan qozlu kofenin bölgəyə xas olduğunu və hazırlanma qaydasını məxfi saxladıqlarını söyləyirlər.
“Yay fəslində olduğu kimi qışda da həm yerli sakinlər, həm də qonaqlar qozlu kofeyə böyük maraq göstərirlər. Qozlu kofenin aşağı hissəsi sadə kofedən yuxarı hissəsi isə xüsusi hazırlanan krem və qoz ləpəsindən ibarətdir. Bir fincan qozlu kofenin qiyməti 2 manat 50 qəpikdir. Gündəlik təxminən 80-100 arası qozlu kofe satırıq,” – deyə Səid Səmədli bildirib.