Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsi bu qurumun ikili standartlar siyasətini bir daha ortaya çıxardı və ölkəmizlə münasibətlərdə AŞPA-nın son zamanlar sərgilədiyi neqativ meyillərin davamı oldu. Heç şübhəsiz ki, qurumun bu qərarı regionda liderliyini möhkəmləndirən qalib ölkə olan Azərbaycanın güclənməsinə qarşı təzyiq vasitəsi olaraq bir sıra Qərb ölkələrinin diktəsi ilə qəbul edilib. Qərar bir daha göstərdi ki, Avropa Şurası üçün demokratiya, tolerantlıq və plüralizm ideyaları sadəcə Avropa sərhədləri daxilində önəmlidir. Əlbəttə ki, islamofobiya meyillərinin artdığı Avropanın siyasi təşkilatı olan AŞPA-dan ölkəmizə ünvanlanmış dəstək gözləmək çətin idi, amma ən azı obyektiv, reallığa uyğun mövqe bildirmək və Azərbaycanın öz suverenliyini bütün ərazisində bərpa etmək hüququna hörmətlə yanaşmaq mümkün idi.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova deyib. O bildirib ki, Azərbaycan AŞPA-ya üzv olanda torpaqlarımız erməni işğalı altında idi və ölkəmiz 1 milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşmişdi. Təşkilat Azərbaycanın bu problemlərinə soyuq, laqeyd münasibətini illər boyu göstərdi. AŞPA-nın və digər Qərb siyasi təşkilatlarının bu yanaşması Qarabağda separatizmi aqressivləşdirir, Ermənistanı cürətə gətirir, ölkəmizə qarşı yeni təxribatlara sövq edirdi. Əgər AŞPA və digər beynəlxalq təşkilatlar işğalçıya qarşı real siyasi tədbirlər görsəydilər, Qarabağ münaqişəsi sülh yolu ilə həll oluna bilərdi.
“AŞPA-ya üzv olaraq, biz Azərbaycan həqiqətlərini Avropaya çatdırmaq üçün, işğal altında olan torpaqlarımızda real vəziyyəti göstərmək, problemin beynəlxalq hüquq müstəvisində həllinə nail olmaq üçün bu platformadan istifadə etmək istəyirdik. Lakin bütün səylərə baxmayaraq, qurumda işğalçıya qarşı yönəlmiş və işğala son qoymağı tələb edən qərarlar qəbul edilmədi. Azərbaycanın qəhrəman ordusu torpaqları azad etdikdən və suverenliyini bütün ərazisində bərpa etdikdən sonra AŞPA Qələbəmizə hörmətlə yanaşmalı, bunu Azərbaycan Prezidentinin ölkənin hərtərəfli inkişafına yönəlmə siyasətinin və uzun illər boyu apardığımız haqlı mübarizənin nəticəsi kimi qəbul etməli idi. Lakin Azərbaycanın haqlı müharibədə Qələbəsi Fransa başda olmaqla bir sıra ölkələrin böyük narahatlığına səbəb oldu və ölkəmizə qarşı başlanan kampaniyaya AŞPA da cəlb olundu”, – deyə professor qeyd edib.
O təəssüflə bildirib ki, təşkilata üzv ölkə olan Azərbaycanın Konstitusiyasına, dolayısı ilə ərazi bütövlüyünə qarşı hörmətsizlik edən AŞPA Qarabağ iqtisadi rayonunu “Dağlıq Qarabağ” adlandırır, orada yaşayan və vaxtilə qeyri-qanuni məskunlaşdırılmış ermənilərin sayını 2-3 dəfə artıraraq onların həmin ərazilərdən zorla çıxarıldığını deyir: “Halbuki Qarabağın erməni əsilli sakinlərinin ərazini tərk etməsi ilk gündən yerli və beynəlxalq medianın gündəmində olub və həmin insanların yerli rəhbərlərinin tələbi ilə oradan çıxması özləri tərəfindən etiraf edilib.
Ermənistan ordusu 44 günlük Vətən müharibəsi dönəmində mülki şəxslərin sıx yaşadığı, müharibə gedən ərazidən uzaqda yerləşən Gəncəni, Bərdəni, Mingəçeviri raket atəşinə tutanda, uşaqlar, qocalar, qadınlar həlak olanda da biz təmkinlə davrandıq. Azərbaycan əsgəri təxribata uymadı, ləyaqətini qorudu, hərb qanunlarına uyğun olaraq müharibəni dinc əhaliyə qarşı deyil, silahlı qüvvələrə qarşı apardı.
Erməni haqlarının ən “böyük” müdafiəçisinə çevrilən Fransanın 1992-ci ildə Xocalıda törədilən dəhşətli qətliamdan xəbəri var idi. Xocalı soyqırımının şahidi olan fransız jurnalist Jan İv Yunet şahidi olduğu mənzərədən təsirlənərək, gördüklərini belə ifadə etmişdi: “Biz Xocalı faciəsinin şahidləri olduq, həlak olmuş yüzlərlə dinc sakinin – qadınların, uşaqların, qocaların, eləcə də Xocalını müdafiə edənlərin cəsədlərini gördük… Bu, dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə yetirən ermənilər faşistləri də geridə qoymuşdular…”
Professor ermənilərin vəhşiliklərinin, vandalizminin çoxsaylı nümunələrinin Qərb siyasətçilərinə məlum olduğunu, lakin bunların heç vaxt qınaq obyektinə çevrilmədiyini və Qərb tərəfindən böyük dözümlülüklə qarşılandığını vurğulayıb: “Öz ölkələrində separatizmlə mübarizə aparanlar nədənsə erməni separatizminə qucaq açıb, separatçıların rəhbərlərini öz ölkələrində qəbul edib, onlara dəstək göstərilməsinə üstünlük vermişlər. İşğalçı ilə işğala məruz qalan arasında fərq qoymayaraq, adekvat münasibət göstərməyərək, münaqişəni uzatmış, sülhün bərqərar olmasını əngəlləmişlər. Böyük tarixi Qələbəmiz ölkəmizin apardığı müstəqil siyasət, iqtisadiyyatımızın güclənməsi, beynəlxalq aləmdə nüfuzunun artması, Azərbaycana qarşı təzyiqlərin çoxalması ilə nəticələndi. AŞPA-nın qərarı haqq-ədaləti bərpa edən müstəqil ölkəmizə qarşı yönəlmiş siyasətin davamıdır.
Biz keçən 30 ildə mütəmadi olaraq Qərb ikiüzlülüyünün, riyakarlığının şahidi olmuşuq. AŞPA-nın bu son addımı isə ölkəmizin qazandığı Qələbənin və uğurlarının nəticəsində yaranan təşvişin təzahürüdür. Ədalət anlayışını və beynəlxalq hüququ çoxdan yaddan çıxaran təşkilat açıq şəkildə islamofob və türkofob məqsədlərini reallaşdırmağa çalışır. Bu hücumlara baxmayaraq, şübhəsiz ki, Azərbaycan bundan sonra da bəşəri ideyalara sadiqlik nümayiş etdirəcək, ədalət prinsipini hər zaman olduğu kimi qoruyacaq, yeni qələbələr qazanacaq. Çünki bizim yolumuz haqq yoludur, bizim gücümüz haqlı olmağımızdadır və Azərbaycanda bir sıra Avropa ölkələrindən fərqli olaraq sarsılmaz hakimiyyət-xalq birliyi mövcuddur”.