Bu gün hər birimizin qarşısında daha bir yol – tarixi ərazilərimiz olan Qərbi Azərbaycana gedən yol var. Doğma yurdumuz yolumuzu həsrətlə gözləyir. O gün isə uzaqda deyil. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qərbi Azərbaycanla bağlı deyib: “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Bu, bizim mənəvi haqqımızdır. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizdə o müqəddəs günü yaxınlaşdırmalıyıq”. Prezident İlham Əliyev bu sözləri ilə soydaşlarımızın doğma, tarixi yurdları olan Qərbi Azərbaycana qovuşmaq inamlarını daha da artırır.
Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndindən olan, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, əsrlər boyu davam etdirilən azərbaycanlıların deportasiyası heç vaxt unudulmayacaq. Belə ki, soydaşlarımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı nəticəsində xalqımız ağır məhrumiyyətlərə, faciələrə düçar olub. Azərbaycanlılar min illərlə yaşadıqları yurdlarından köçürülüb və bu torpaqlarda heç zaman yeri-yurdu olmamış, tayfa şəklində yaşamış ermənilər üçün dövlət qurulması istiqamətində işlər həyata keçirilib.
“Ermənistanın 1948-1953-cü illərdə həyata keçirdiyi deportasiya siyasəti nəticəsində soydaşlarımız öz tarixi yurdlarından sıxışdırılaraq çıxarıldı. 1988-ci ildə öz havadarlarına güvənən Ermənistanın Azərbaycana hərbi təcavüzü başladı. Bunun nəticəsində torpaqlarımızın 20 faizi işğal olundu, azərbaycanlılar məcburi köçkün düşdülər, şəhər və kəndlərimiz dağıdıldı. Ermənilərin hərbi təcavüzü nəticəsində xalqımızın tarixində ağrılı-acılı bir səhifə də yaradıldı, Qarabağın və Zəngəzurun işğalı növbəti faciəmiz oldu.
G.Fətəliyeva düşmənin onların ailəsinə, qohumlarına və yaxınlarına verdiyi əzabları heç vaxt unutmadığını deyib: “Mənim doğulduğum, havası, suyu ilə boya-başa çatdığım, tarixi torpaqlarımızdan olan Urud kəndinin əhalisi də 1988-ci ilin dekabrında qarlı-şaxtalı havada deportasiyaya məruz qaldı. Camaatı avtobuslara doldurub yola salmaq bəhanəsi ilə kənddən çıxardılar. Yolda əli silahlı, saqqallı ermənilər avtobusu saxlayıb camaatı düşürdürdülər. Özləri ilə götürdükləri hər şeyi onlardan alaraq, üst paltarlarını çıxardılar. Çox soyuq qış günündə yaşlı insanlar davam gətirə bilmədilər, donaraq öldülər. Sağ qalanlar yaxınlıqdakı mal tövlələrinə sığındılar. Dörd nəfər oğlan Ərikli dağını aşaraq Şahbuzdan kömək istədi. Köməyə gələnlər faciə ilə rastlaşdılar. İnsanların əksəriyyəti ölmüş, qalanların əlləri, ayaqları donmuşdu. Belə əzablar, azərbaycanlıların başına gətirilən müsibətlər heç vaxt unudulmamalıdır”.
O vurğulayıb ki, Urud kəndi tarixi abidələrlə zəngin olub. Kənddə yerləşən qəbiristanlıqda XV-XVII əsrlərə aid çoxlu qoç şəkilli və sənduqə formasında məzar daşları var idi. “Azərbaycanlıların tarixi torpaqlarından zorla deportasiyasından sonra Urud abidələri ermənilər tərəfindən tamamilə dağıdılıb. Vaxtilə “Dədə Qorqud” filminin çəkilişləri zamanı məhz Uruddakı tarixi abidələr və qəbirüstü daş kitabələrdən istifadə edilib. Lakin indi onlardan əsər-əlamət qalmayıb. Doğma kəndimiz Urud dağlarının əhatəsində, Zəngəzurun ən iri çayı olan Bazarçayın sol sahilində yerləşir. Saf suları, təmiz havası, səfalı yaylaqları olan Uruda hələ ki, yalnız xəyalən gedirəm, uşaqlığımı, gəncliyimi xatırlayıb kövrəlirəm. Bu uzun illərin ayrılığı ürəyimdə bir nisgilə çevrilib. Qəlbimin hər döyüntüsü doğma yurdumuzu görməyə, qovuşmağa can atır”, – deyə müsahibimiz yurd nisgilini dilə gətirib və o torpaqlara qayıdacağı günün elə də uzaqda olmadığını bildirib.