Gürcüstan BMT-də Amerika Birləşmiş Ştatlarının Ukrayna ilə bağlı təklif etdiyi nisbətən neytral qətnaməni dəstəkləmək qərarına gəlib. Bu barədə jurnalistlərə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze məlumat verib.
“Mümkün olan bu müharibədən qaça bilsək, yaxşı olardı. Biz siyasətdəyik və buna görə də xalq bizi təhdidlərdən qaçmaq üçün seçir. Ukraynada baş verənlər kədərli və çox çətindir, lakin bütün bunlara son qoyulması da göz qabağındadır. ABŞ prezidenti [Donald Tramp] razılaşmanın baş tutması üçün hər şeyi edir və təbii ki, biz də sözügedən qətnaməni dəstəkləyəcəyik”, – deyə Kaladze bildirib.
Birləşmiş Ştatlar ilk dəfə olaraq BMT Baş Assambleyasının Ukrayna ilə bağlı anti-Rusiya qətnamə layihəsinin həmmüəllifindən imtina edib və onların təklif etdiyi sənəddə münaqişənin başlamasına görə Rusiyaya qarşı ittihamlar yoxdur. Mətndə həmçinin “Rusiya-Ukrayna münaqişəsi”ndə faciəli insan itkisi ilə bağlı təəssüf hissi ifadə edilir və onun tezliklə başa çatması tələb olunur. Əvvəlcə Kiyev və Qərb ölkələrinin BMT Baş Assambleyasında qətnamə layihəsini hər il fevralın sonunda səsverməyə çıxaracağı gözlənilirdi. İndi BMT Baş Assambleyasının təqviminə Amerika qətnamə layihəsinin səsverməsi daxildir. (Tass)