Gürcüstan hakimiyyəti, xüsusən də seçkiqabağı dövrdə respublikanın işlərinə xarici müdaxilə faktlarından xəbərdardır. Bu barədə jurnalistlərə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.
Nümunə kimi parlament sədri Gürcüstanın müxalif siyasi partiyalarının Danimarka hökuməti tərəfindən maliyyələşdirilməsi halını göstərib. Gürcüstan hakimiyyəti bunu seçkiqabağı dövrə müdaxilə kimi qiymətləndirib və bundan sonra maliyyələşmə dayandırılıb. Bundan əlavə, respublika hakimiyyəti bir neçə gündür ki, qeyri-hökumət təşkilatlarını seçki videoçarxları hazırlamaqda ittiham edir, lakin maliyyə mənbəyini göstərmir.
“Nəticə çıxarmaq üçün öz kəşfiyyatımız və öz çiynimizdə öz başımız var. Nəticə çıxardığımız yerdə danışırıq. Danimarka maliyyələşdirməsi haqqında danışdıq, gördük ki, bu dayanıb. İndi biz videoların maliyyələşdirilməsi kampaniyasından danışırıq. Onların müəllifləri maliyyə mənbələrini gizlədirlər”, – Papuaşvili bildirib. (Tass)