Gürcüstan parlamentinin üzvləri birinci oxunuşda miqrasiya qanunvericiliyini sərtləşdirən düzəlişlər paketinə səs veriblər. Plenar iclas qanunverici orqanın internet saytında yayımlanıb.
Qanun layihəsinin təşəbbüskarı Gürcüstan hökuməti, müəllifi isə Daxili İşlər Nazirliyi olub. Yeni paket qeyri-qanuni miqrantların deportasiyası prosedurunun sadələşdirilməsini və ölkədə qalma qaydalarının pozulmasına görə cərimələrin artırılmasını nəzərdə tutur.
Dəyişikliklərə əsasən, cinayət və inzibati məcəllələrə yeni cəza növü – əcnəbinin ölkədən çıxarılması və müəyyən müddətə Gürcüstana girişinə qadağa qoyulması əlavə edilir. Gürcüstanda qalma qaydalarının pozulmasına görə cərimələr də artacaq. Bundan əlavə, yaşayış icazəsinin verilməsi və ya vizanın uzadılması ilə bağlı işlər məhkəmədə olarsa, əcnəbinin deportasiya prosesinin dayandırılmaması nəzərdə tutulur. (Tass)