Gürcüstan prezidenti Salome Zurabişvili Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna lideri Vladimir Zelenski ilə görüşüb. Zurabişvili görüşün fotosunu Facebook-da yayımlayıb.
Fotoşəkilin başlığında Gürcüstan və Ukrayna bayraqlarının emojilərindən və əl sıxışmasından istifadə olunub.
İki dövlət arasında münasibətlərdə gərginlik 2022-ci il fevralın 25-də Gürcüstanın o vaxtkı baş naziri İrakli Qaribaşvili Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmadığını bəyan edərək bunu milli maraqlarla izah etdikdən sonra yaranıb. 2023-cü il martın əvvəlində Zelenski Ukraynanın Tbilisidəki səfiri İqor Dolqovun geri çağırıldığını açıqlamışdı. Bundan sonra Ukrayna hakimiyyəti dəfələrlə Gürcüstanı Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yan keçmək üçün ona kömək etməkdə ittiham edib.
Zurabişvili faktiki olaraq hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasına müxalifətdə olduğu üçün açıq şəkildə anti-Rusiya mövqeyindən çıxış edir. (Tass)