Gürcüstan parlamenti plenar iclasda birinci oxunuşda prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsi onun bu vəzifədə olarkən konstitusiyanı pozduğunu müəyyən edərsə, onu dövlət himayəsindən məhrum edəcək qanun layihəsini təsdiqləyib. Bu barədə Gürcüstanın qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.
Qanun layihəsinin lehinə 83 deputat səs verib. Dəyişikliklər Gürcüstanın “Xüsusi Dövlət Mühafizə Xidməti haqqında” qanununa daxil ediləcək.
Mövcud qanunvericiliyə görə, Gürcüstan prezidenti, baş nazir, eləcə də parlamentin sədri səlahiyyət müddəti başa çatdıqdan sonra daha bir il dövlət mühafizəsindən istifadə etmək hüququna malikdir. Əgər təhlil konkret keçmiş vəzifəli şəxsin təhlükə altında olduğunu göstərərsə, dövlət mühafizəsinin qüvvədə olma müddəti uzadıla bilər.