Qazaxıstan Respublikasının Aktau şəhərində keçirilən “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri döyüş atışlı təlim-məşq uçuşlarını icra ediblər.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanılıb.Təlimin planına uyğun olaraq, “Su-25ML” tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz və gecə vaxtları uçuşlar, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirilib. Hərbi pilotlarımız tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, onlara zərbələr endirərək məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra olunub.Qeyd edək ki, “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təlimində hərbi pilotlarımız qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra edərək peşəkarlıq göstəriblər.