Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, Azərbaycan mina terroruna qarşı mübarizədə böyük uğurlar əldə etsə də, dövlətin bu məsələdə beynəlxalq birliyin dəstəyinə ehtiyacı var:
“Azərbaycan Birinci Qarabağ müharibəsi dövründən etibarən Ermənistanın mina terroruna qarşı aktiv mübarizə ortaya qoyub. Vətən müharibəsi və ondan sonra işğaldan azad edilən ərazilərdə həyata keçirilən təhlükəsizlik tədbirləri mina təhlükəsinin nə qədər böyük və irimiqyaslı olduğunu göstərdi. Təkcə bir faktı qeyd edim ki, 44 günlük müharibədən sonra Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən piyada əleyhinə 10 mindən çox mina aşkar edilərək zərərsizləşdirilib. Neytrallaşdırılan tank əleyhinə minaların sayı da minlərlədir. Hansı ki, hər gün işğaldan azad edilən ərazilərdə yeni minalar aşkarlanaraq zərərsizləşdirilir. Şübhəsiz, bütün bu rəqəmlər Azərbaycanın mina terroruna qarşı uğurla mübarizə apardığını göstərir. Lakin Ermənistanın vaxtilə torpaqlarımızda yüz minlərlə mina basdırdığını nəzərə alsaq, bu məsələdə beynəlxalq birliyin, müvafiq beynəlxalq təşkilatların və aparıcı dövlətlərin ölkəmizə ciddi dəstəyinin zəruri olduğu şübhəsizdir”.
Ekspert vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı mina terrorunu 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatından sonra da fəal şəkildə davam etdirib: “Təcavüzkar ölkə həm Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ilə yaxın müddətdə, həm də İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə ölkəmizə qarşı mina terrorunu aktiv şəkildə aparıb, torpaqlarımızda çoxlu sayda mina basdırıb. 2023-cü il sentyabrın 19-20-də lokal antiterror tədbirləri nəticəsində nəzarətə götürülmüş ərazilərdə daha 500 mindən çox mina və partlamamış sursatın olduğu üzə çıxdı. Bu da Ermənistanın 10 noyabr Bəyanatının şərtlərini kobud şəkildə pozduğunu göstərir.
Hesab edirəm ki, bu gün Ermənistana bu və ya digər dərəcədə dəstək verən dövlətlər – xüsusilə də Fransa, Hindistan, ABŞ bütün bunları görməli, mina terroru aparan dövlətə dəstək verməkdən imtina etməlidirlər. Mina terroru həyata keçirən və bununla da yüzlərlə insanın ölümünə səbəb olan Ermənistana dəstək, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə yanaşı, vicdan və ədalət anlayışına da ziddir”.