Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, ABŞ, Avropa İttifaqı və Fransa 30 illik işğal dövründə olduğu kimi postmünaqişə dövründə də vəziyyətin qeyri-müəyyən qalmasında maraqlıdır: “Rəsmi Bakı işğal dövründə olduğu kimi, yeni mərhələdə də nəticəsi olmayan, danışıqlar xatirinə danışıqlara getmir. Bizim məqsədimiz bütün məsələlərin dialoq yolu ilə həllinə nail olmaqdır. Lakin görəndə ki, hansısa qüvvələr bizim bu xoş niyyətimizdən sui-istifadə etməyə çalışır, o zaman təbii ki, alternativ addımlar işə düşür. Biz 44 günlük Vətən müharibəsində, eləcə də bu ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri zamanı da bunun şahidi olduq”.
“Qərb dairələrinin Cənubi Qafqazda sülhü pozmaq cəhdlərinə gəlincə, təcrübə də göstərir ki, status-kvonun saxlanması daim “parçala hökm sür” siyasəti yürüdən qüvvələrin öz planlarını bu ənənəvi fəaliyyət prinsipi üzərində qurmaqla Azərbaycana qarşı real təsir və təzyiq mexanizmlərini saxlamaq niyyəti güdür. Qərb ermənilərin Azərbaycanda yaşaya bilməyəcəyini iddia edərək, buna görə də onların ayrılmasının zəruriliyini ehtiva edən hüquqi proseduru işə salmağa can atır. Lakin reallıq tamamilə başqadır. Qarabağda separatçı rejimin ləğvi, qeyri-qanuni silahlı birləşmələrin tərksilah edilməsi və çıxarılması reinteqrasiya ilə bağlı dialoqa şərait yaratdı”,- deputat qeyd edib.
Milli Məclisin üzvü bildirib ki, yerli erməni sakinlərin reinteqrasiyası üçün Azərbaycan hökumətinin bütün zəruri addımları atması fonunda bəzi qərb dairələrinin real vəziyyəti təhrif etmək, nifrət və düşmənçiliyi davam etdirmək, regionumuzda çoxdan gözlənilən sülhə mane olmağa yönəlmiş istənilən səyləri qəbuledilməzdir: “Onlar da anlayır ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağı təqdirdə regionda tamamilə yeni vəziyyət yaranacaq və bu vəziyyət təbii ki, onların imperialist maraqları ilə ziddiyyət təşkil edir. Havadarları Ermənistanın davam edən destruktiv mövqeyini gücləndirmək əvəzinə, bu ölkəni nəhayət, regionda dinc yanaşı yaşamanın təmin olunmasında xoş niyyətli olmağa, beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə təşviq etməlidir. Azərbaycanda yerli erməni sakinlərin reinteqrasiya prosesinə dəstək verilməlidir, ərazi bütövlüyü və suverenlik əsasında iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar prosesinin uğurla başa çatması istiqamətində çalışmaq lazımdır”.
K.Nurullayeva vurğulayıb ki, Azərbaycan heç bir kənar qüvvənin daxili işlərimizə qarışmasına imkan verməyəcək: “Bu məsələdə bütün region dövlətləri eyni mövqedən çıxış etməlidir. Azərbaycan regionun problemlərinin region çərçivəsində həllinə tərəfdar olaraq Cənubi Qafqaz ölkələri arasında yeni əməkdaşlıq formatının yaradılmasını və bu formatın ümumilikdə bölgənin inkişafına xidmət edəcəyini bəyan edir. Yeni mühit region ölkələrinin inteqrasiya olunmuş modelinin yaranmasını şərtləndirib. Ermənistan istəyərsə, bu modelin tərkib hissəsi ola bilər”.