Qəzza zolağı və İordan çayının qərb sahilində 30 mindən çox fələstinli İsraillə Fələstinin HƏMAS hərəkatı arasında silahlı qarşıdurma başlayandan bəri İsrailin hərbi əməliyyatlarının qurbanı olub. Bu açıqlama ilə hərəkatın rəhbərliyinin üzvü Usamə Həmdan çıxış edib.
“Qəzza zolağında ölənlərin sayı 29 722 nəfərə çatıb ki, onlardan ən azı 10 000-i uşaq və 7 000-i qadındır, daha 58 166 nəfər isə yaralanıb”, – o, mətbuat konfransında deyib. Həmdan əlavə edib ki, ən azı 7 min qəzzalı itkin düşüb. Onun sözlərinə görə, ümumilikdə, ötən il oktyabrın 7-dən Qəzza zolağında ölənlərin, yaralananların və itkin düşənlərin sayı anklavın ümumi əhalisinin ən azı 4%-ni təşkil edir.
HƏMAS nümayəndəsinin sözlərinə görə, İordan çayının qərb sahilindəki Fələstin ərazilərində İsrail hərbçiləri ilə toqquşmaların qurbanlarının sayı 321-ə çatıb, ölənlərin 111-i uşaqdır.
Həmdan onu da vurğulayıb ki, ən azı 6 min yaralı onlara lazımi tibbi yardım göstərmək üçün Qəzzadan təcili təxliyə edilməlidir, lakin indiyədək yalnız 650 nəfər anklavdan kənara çıxıb başqa ölkələrdə müalicə ala bilib. (Tass)