Bu gün dövlət borcu dünyada ən aktual problemlərdən biridir.
“Report” xəbər verir ki, bunu Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Bakıda təmsil etdiyi qurumun ev sahibliyi ilə keçirilən Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatların (INTOSAI) Dövlət Borcu üzrə İşçi Qrupunun illik toplantısında bildirib.
“Xüsusilə koronavirus (COVID-19) pandemiyasının milli iqtisadiyyatlara vurduğu zərər və bu zərərin aradan qaldırılması üçün milli hökumətlərin maliyyə resurslarına ehtiyacı kütləvi dövlət borclanmasına səbəb olub. İnkişaf etməkdə olan ölkələr və təbii ehtiyatları məhdud olan və olmayan ölkələr daha çox təsirlənir. 2000-ci ildən bəri qlobal dövlət borcu 5 dəfədən çox artıb, 2022-ci ildə rekord həddə – 92 trilyon ABŞ dollarına çatıb. Borcu yüksək olan ölkələrin sayı 59-a yüksəlib, 2011-ci ildə bu rəqəm 22 olub”, – deyə o qeyd edib.
“Bəzi ölkələrdə dövlət borcunun məbləği ümumi daxili məhsulun (ÜDM) dəyərindən yüksəkdir. Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, 2023-cü ildə dövlət borcunun ÜDM-ə nisbəti 93 % təşkil edib. Bu göstərici inkişaf etmiş ölkələr üzrə 111 %, inkişaf etməkdə olan ölkələr üzrə 68 %, neft ixrac edən ölkələr üzrə 51 % olub”, – deyə sədr müavini əlavə edib.