Hollandiya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 150 milyon avro ayırmağa qərar verib. Bu barədə Krallığın Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans məlumat verib.
“Mən indi Ukraynanın hava hücumundan müdafiəsi üçün 150 milyon avro ayrıldığını elan edirəm”, o, X-da yazıb. Nazirin sözlərinə görə, bu, Amerikanın “I-Hawk” zenit-raket sistemlərinə aiddir. O, alınan sistemlərin sayını dəqiqləşdirməyib.
“Biz həmçinin Ukraynaya F-16 qırıcılarını və “Patriot” hava hücumundan müdafiə sisteminin mühüm hissəsini tədarük edirik”, – Brekelmans əlavə edib.
Bundan əvvəl Hollandiya Müdafiə Nazirliyinin rəhbəri bildirmişdi ki, ölkə 2025-ci ildə Ukraynaya təxminən 2 milyard avro dəyərində hərbi yardım göstərməyə hazırdır. Bunun 500 milyon avroya yaxını pilotsuz təyyarələrin istehsalına yönəldiləcək.