Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi “Ailədə nəsillərarası münasibətlər: ailə həmrəyliyi və qayğı” tədqiqatında ilk dəfə olaraq nüvə və genişlənmiş ailələr, tək yaşayan insanlar araşdırıldı və sanballı nəticələr əldə olundu.
Teleqraf xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə “Nəsillərarası həmrəylik ailə münasibətləri və dayanıqlı inkişaf kontekstində” mövzusunda keçirilən dəyirmi masada deyib.
O, bildirib ki, ölkə üzrə 12 iqtisadi rayondan 1170 nəfərin iştirak etdiyi tədqiqat sorğusunda hər ev təsərrüfatından bir nəfər iştirak edib.
Onun sözlərinə görə, bəzi iqtisadi rayonlarda nüvə ailələri genişlənmiş ailələrdən çoxdur.
“Biz görürük ki, ailə strukturu dəyişib. Ailə institutunda bir növ fərdiləşmə prosesi gedir. Fərdiyyətçilik meyilləri və nüvə ailələr artıb”, – H. Axundzadə əlavə edib.
Onun sözlərinə görə, yaşa görə fərdlərə nəzər saldıqda gənclərdə fərdiyyətçilik meyillərinin artdığının şahidi olacağıq.
“Ümumilikdə, tədqiqata cəlb olunmuş 1170 nəfərin yarısı yaşlı və gənc ailələrin birlikdə yaşamasının tərəfdarıdır. Gənc nəsil öz sərhədlərini başqa cür təyin etməyə başlayıb. Hər 3 nəfərdən biri özünü valideynlərindən fərqli görür”, – sektor müdiri qeyd edib.
O bildirib ki, tədqiqatda valideyn-övlad münasibətləri kontekstində bənzərlik- fərqlilik kimi cəhətlər nəzərdən keçirilib. Bir tərəfdən yaşı 18-dən yuxarı olan respondentlərdən özlərini valideynlərinə oxşar, yoxsa fərqli gördükləri, digər tərəfdən isə övladı olan respondentlərdən övladlarını özlərinə oxşar, ya fərqli gördükləri soruşulub.
Milli Məclis Aparatının məsləhətçisi Aynur Veysəlova-Abbasova bildirib ki, Azərbaycanda nəsillərarası dialoq mövcuddur.
“Ailənin müxtəlif nəsilləri arasında hələ də əlaqə var, bu, itməyib. Eyni zamanda uzaqlaşma, özgələşmə də var. Bu da müxtəlif stereotiplərlə bağlıdır. Təklif edirəm ki, kəmiyyət sorğuları ilə yanaşı keyfiyyət sorğuları da aparılsın. Yaşlı nəslin lazımlığını göstərmək, bunu önə çıxarmaq üçün müxtəlif layihələrin həyata keçirilməsi məqsədəuyğun olar”.