Yəmənin Ənsar Allah hərəkatından olan husi üsyançıları, Qəzza zolağına humanitar yardımların girişi ilə bağlı ultimatumun müddəti bitən martın 11-də İsrail gəmilərinə hücumları bərpa etməyə hazırdır. Bunu Yəmən hərəkatının lideri Əbdülməlik əl-Husi deyib.
Əl-Husi “Əl-Masirah” telekanalı tərəfindən yayımlanan tərəfdarlarına müraciətində deyib: “Əvvəllər verilən ultimatumun qüvvədə qaldığını təsdiq edirik. Silahlı qüvvələrimiz əməliyyatları bərpa etməyə hazırdır. Qəzza zolağına yardım axını başlamazsa, verilən müddət bitən andan hərbi tədbirlər tətbiq olunacaq ” .
Martın 7-də Ənsar Allah lideri bildirib ki, əgər dörd gün ərzində Qəzzaya yardımın bloku açılmasa, husilər İsrailə qarşı “dəniz əməliyyatlarını” bərpa edəcəklər. Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına humanitar yardımın çatdırılmasının dayandırıldığını və bütün keçid məntəqələrinin bağlandığını bəyan edib. İsrail tərəfinin fikrincə, bu, HƏMAS-ın ABŞ-ın xüsusi elçisi Stiven Vitkoffun anklavda atəşkəsin uzadılması planını qəbul etməkdən imtina etməsi səbəbindən edilib.(Tass)