Martın 15-dən bəri ABŞ-ın Yəməndə Ənsar Allah (Husi) üsyançı hərəkatının nəzarətində olan ərazilərə endirdiyi zərbələr nəticəsində azı 107 dinc sakin həlak olub. Bu barədə üsyançıların formalaşdırdığı hökumətdə Səhiyyə Nazirliyi məlumat yayıb.
“ABŞ-ın Yəmənə təcavüzü nəticəsində martın 15-dən aprelin 9-dək ən azı 107 dinc sakin həlak olub. Eyni müddət ərzində 223 mülki şəxs yaralanıb”, – husilərin nəzarətində olan agentliyin açıqlamasında deyilir.
Nazirlik həmçinin bildirib ki, ABŞ-ın çərşənbə axşamı axşam saatlarında Yəmənin Hodeydə şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 6 qadın və 4 uşaq olmaqla 12 nəfərə çatıb. Bundan əvvəl ABŞ Yəməndə husilərin hədəflərinə bir sıra zərbələr endirib. Üsyançılara məxsus Al Masirah telekanalının məlumatına görə, hücum Hodeydanın şərqindəki Əmin Muqbil yaşayış massivinə edilib.
Martın 15-də ABŞ ordusu prezident Donald Trampın göstərişi ilə husilərin nəzarətində olan Yəmən ərazilərinə kütləvi zərbələr endirməyə başlayıb. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, əməliyyat Amerikanın maraqlarını qorumaq və naviqasiya azadlığını təmin etmək məqsədi daşıyır. (Tass)