Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Yadigar Təvəkgülün “İlğım” kitabının təqdimatını keçirib. Kitab Birinci Qarabağ müharibəsi şəhidi Şaban Yunusovun xatirəsinə həsr edilib.Muzeydən AZƏRTAC-a bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.Təqdimat mərasimini açan Aran filialının müdiri Yaqut Bahadurqızı minlərlə gəncin Birinci Qarabağ savaşında şəhid olmasından, işğal dövründə bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün düşməsindən danışıb. O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində aparılan Vətən müharibəsinin Qələbə ilə başa çatdığını, 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin tam bərpa edildiyini vurğulayıb.Yaqut Bahadurqızı şəhidlərimizə həsr edilən kitabların əhəmiyyətindən də bəhs edib.Tədbirdə AYB-nin üzvü şair Abduləziz Xanəhmədoğlu, şəhid anası Elmira İslamova, rayon ziyalısı Vaqif Alıyev, Dəyirmanlı məktəbinin direktoru Ramin Vəliyev, Şaban Yunusovun müəllimi Rasim Əhmədov, qohumu Elçin Yunusov, Kürdəmir Rayon İcra Hakimiyyətinin məsul işçisi Mirmahmud Mahmudov çıxış edərək “İlğım” kitabı haqqında fikirlərini bölüşüblər. Onlar bu kitabın gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox faydalı olacağını vurğulayıblar.Sonra şəhidin anası Tükəzban Yunusova, qardaşı Bayram Yunusov çıxış edərək müəllifə və tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.Tədbirdə şəhidə həsr olunan videoçarx nümayiş edilib, qiraətçilərin ifasında kitabdan şeirlər səsləndirilib.